Ərikli (Laçın)
Ərikli — Azərbaycan Respublikasının Laçın rayonu Kürdhacı kənd inzibati ərazi dairəsində kənd.
Ərikli toponiminin yaranması haqqında bir neçə variant mövcuddur. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti kitabında yaşayış məntəqəsini qasımuşağı tayfasına mənsub ailələr keçmışdə ərik bağları olmuş Ərikli adlı yerdə saldıqları üçün belə adlandırıldığı qeyd edilmişdir. Aparılan araşdırmalardan məlum olur ki, kəndin adı Qarakilsə rayonunda olan Ərikli kəndinin, Qarakilsə rayonunu Ermənistandan ayıran silsilə Ərikli dağlarının və Ərikli çayının adından götürmüşdür. Ərikli sözünün leksik mənası ərənlər, igidlər yaşayan məkan mənasındadır.
İbrahim Bayramovun Qərbi Azərbaycanın türk mənşəli toponimləri adlı kitabında apardığı tarixi araşdırmadan məlum olur ki, Ərikli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, Qarakilsə (indiki Sisyan rayonu) ərazisində kənd olmuşdur. Bu kənd Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1873-cü ildən başlayaraq müxtəlif illərdə aparılmış siyahıya alma zamanı kənd sakinlərinin azərbaycanlılar olduğu qeyd edilmişdir. Nəhayət, 1917-18-cı illərdə azərbaycanlılar bu kənddən qırğınlarla deportasiya edilmiş, kənd dağıdılmış və bu günə qədərdə xarabalığa çevrilmiş şəkildə qalmaqdadır.
Ərikli kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur.