Həcər Nəsrullayeva
Həcər Məmməd qızı Nəsrullayeva (1924-2005) - Azərbaycan oftalmologiyasının inkişafında tanınmış alim, tibb elmləri doktoru, professor, institutun elmi işlər üzrə direktor müavini (1995-2005)
== Həyatı ==
Həcər Nəsrullayeva 1946-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu bitirib, Azərbaycan ET oftalmologiya institutunda 1958-ci ildən işləmişdir. Həmin «Hipertoniya xəstəliyi və hamilə qadınlarda hipertoniya simptomu ilə keçən toksikoz zamanı gözün elastotonometrik müayinələri» mövzusunda namizədlik, 1968-ci ildə isə «Gözün arxa hissəsinin patologiyası zamanı görmə itiliyinin funksional vəziyyəti» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Prof. H.M.Nəsrullayeva 1971-ci ildən özünün cəhdi ilə yaradılan gözün sinir-damar patologiyası şöbəsinə rəhbərlik etmişdir. Geniş elmi erudisiyanın, zəngin klinik təcrübənin sahibi olaraq, prof. H.M.Nəsrullayeva bir çox illər ərzində biokimyəvi, biofiziki, morfohistokimyəvi və başqa müayinələrdən istifadə edərək, göz dibinin sinir-damar aparatının müxtəlif mənşəli patologiyası, şəkərli diabetlə əlaqədar əmələ gələn kataraktanın patogenezi problemlərinə həsr olunmuş tədqiqatlarla məşğul olmuşdur. O, 250-yə yaxın elmi əsər, o cümlədən 3 monoqrafiya, 7 metodik tövsiyələr, 3 müəlliflik şəhadətnamə, 32 səmərələşdirici təklif yaratmışdır. 1993-cü ildə H.M.Nəsrullayevaya professor elmi adı verilmişdir. Respublikada oftalmoloq kadrlarının hazırlanması işinə böyük məsuliyyətlə yanaşaraq, prof. H.M.Nəsrullayeva oftalmologiya sahəsində bir sıra yüksəkixtisaslı elmi və təcrübi mütəxəssislər hazırlamışdır.