Tural Məmmədli (bəstəkar)
Tural Rəhman oğlu Məmmədli (28 noyabr 1989, Füzuli) — azərbaycanlı pianoçu, bəstəkar, musiqi rəhbəri və aranjimançı.
Ulu öndər Heydər Əliyevə həsr edilmiş "Zirvəyə doğru" simfonik poeması, "Təbrizim" kantatasının, "Çarx" simfonik eskizinin müəllifi, 2014-cü ilin iyun ayında Maltada keçirilən bəstəkarlar arası beynəlxalq festivalın laureatı.
== Həyatı və təhsili ==
Tural Məmmədli 28 noyabr 1989-cu ildə Füzuli şəhərində, musiqiçi ailəsində anadan olub. 2007-ci ildə Xətai rayonu 27 nömrəli orta məktəbi fəxri fərmanla bitirdikdən sonra, Bakı Musiqi Akademiyası nəzdində orta ixtisas Məktəb-Studiyasının Fortepiano şöbəsinə daxil olub, 2007 ci-ildə oranı əla qiymətlərlə bitirib. 2007-ci ildə Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olub. Əməkdar İncəsənət xadimi, professor Nazim Mirişlidən dərs alıb. 2011-ci ildə BMA-nın Bəstəkarlıq fakültəsini Ulu öndər Heydər Əliyevə həsr etdiyi böyük simfonik orkestr üçün yazılmış “Zirvəyə doğru” simfonik poeması, qırmızı diplomla başa vurub. 2014-cü ildə Azərbaycan Milli Konservatoriyasının Bəstəkarlıq fakültəsinin magistr pilləsinə daxil olub, 2016-cı ildə təhsilini tamamlayıb. Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov və fəlsəfə elmləri doktoru Telman Qəniyevdən dərs alıb. 2013-cü ildə Rusiya Federasiyası Prezidenti yanında İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarə etməsi fakültəsinə (qiyabi) daxil olub, 2018-ci ildə bitirmişdir.