Cəmaləddin Maqomayev
Cəmaləddin Müslüm oğlu Maqomayev (28 may 1910, Lənkəran, Lənkəran qəzası – 5 oktyabr 1977, Moskva) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1948–1952, 1953–1957), Azərbaycan SSR yerli sənaye naziri (1953), SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi (1962–1977).
Cəmaləddin Müslüm oğlu Maqomayev 1910-cu il mayın 28-də Lənkəran şəhərində bəstəkar Müslüm Maqomayevin ailəsində anadan olmuşdur. Bakıda orta təhsil aldıqdan sonra o, Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirmişdir. 1932-ci ildə institutu bitirdikdən sonra Leninqraddakı "İjora" ağır maşınqayırma zavoduna göndərilmiş, orada mühəndis-texnoloq vəzifəsində işləmişdir. 1934–1936-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
Bakıya qayıtdıqdan sonra Cəmaləddin Maqomayev Azərbaycanın neft-maşınqayırma sistemində işləməyə başlamışdır. 1936–1937-ci illərdə Lenin adına zavodda baş mexanikin müavini, 1937–1939-cu illərdə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin baş mexaniki, 1939–1941-ci illərdə Kirov adına zavodun direktoru, 1941-ci ildən isə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin (Azərneftmaş) baş mühəndisi olmuşdur.
Böyük Vətən müharibəsi illərində Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin silah və döyüş sursatı üzrə müvəkkilinin müavini işləyən Cəmaləddin Maqomayev orduya döyüş silahlarının fasiləsiz göndərilməsində iştirak etmişdir. O, 1943–1948-ci illərdə Azərbaycan KP MK-da sənaye-nəqliyyat şöbəsinin, neft sənayesi şöbəsinin müdiri, Mərkəzi Komitənin yeyinti sənayesi üzrə katibinin müavini işləmişdir.
Cəmaləddin Maqomayev 1948–1952-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1952–1953-cü illərdə Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi olmuşdur.