Seyid Cəmaləddin Əsədabadi

Cəmaləddin Əfqani ya da bütün adıyla Seyyid Cəmaləddin Məhəmməd bin Səfdər əl-Əfqanî əl-Hüseynî19-cu əsrin tanınmış mütəfəkkir və siyasətçilərindən biri olan müsəlman aktivist və ideoloq.[6][7] İslami modernizmin[8][9] banilərindən və ümmət birliyinin müdafiəçilərindəndir.[10] Olduqca hərəkətli bir həyat yaşamış olan Əfqani, geniş bir çevrəyə dərindən təsir etmişdir. Həm Qərb, həm də İslam aləmini yaxşı tanıyıb. İslam dünyasının müasirləşmə məsələsini müzakirəyə çıxaran Əfqani, İslamın özünə, əsasına zərər vermədən ağıllı bir proqram çərçivəsində problemləri həll etməyə çalışıb.[11]

Cəmaləddin Əfqani
Doğum tarixi 1838[1][2] və ya 1839[3]
Doğum yeri
Vəfat tarixi 9 mart 1897(1897-03-09)[4][5]
Vəfat yeri
Dəfn yeri
Tanınmış yetirməsi Məhəmməd Əbdüh
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qocaman Şərq həmişə böyük şəxsiyyətləri ilə zəngin olmuşdur. Onların hikməti, mühakiməsi və fikir dünyası ilə bir neçə nəslin mənəvi inkişafına təkan vermiş, onların yeni ruhda yetişib formalaşmasına kömək etmişdir. Belə şəxsiyyətlərdən biri də müasirlərin "Böyük bir müsəlman" və yaxud "Böyük bir şərqli", "Müsəlman dünyasının mümtaz siması" adlandırdığı Şeyx Cəmaləddin Əfqanidir. O, keçən əsrin sonlarında islam dəyərlərini, dünya xalqlarının mənəvi zənginliyini, fəlsəfi irsini, tarixini öyrənən və bütün müsəlman Şərqi üçün çıxış yolları axtarmağa çalışan mütəfəkkirdir. O, Şərq və Qərb mədəniyyətlərini mənimsəmiş və özünün fəlsəfi sistemini müəyyənləşdirmişdir.

Cəmaləddin Əfqani (əsl adı Seyid Məhəmməd ibn Səfdər) 1838-ci ilin noyabr ayında Həmədan yaxınlığındakı Əsədabad kəndində doğulmuşdur. Ərəb, Fars və Türk dillərini mükəmməl öyrənmiş və hər üç dildə əsər yazmışdır. O, fransız və rus dillərinə də bələd idi. Son vaxtlara qədər konkret olaraq onun hansı millətə mənsub olduğu dəqiq məlum deyildir. Bəzi mənbələrdə onu ərəb hesab edirlər. Hətta onun sevimli tələbəsi Şeyx Məhəmməd Əbdeh onun Hüseyn ibn Əli ibn Əbu Talib sülaləsi ilə peyğəmbər nəslinə mənsub olduğunu göstərir və seyid titulunu da bununla əlaqələndirir. Amma müasirləri, xüsüsən şagirdləri onun özündən milliyət etubari ilə türk olduğunu eşitmişlər.

Əhmədbəy Ağaoğlu gündəliyində yazır: "Cəmaləddin Əfqaniyə üç dəfə mülaki oldum. İkinci dəfə mülaqatımızda onun əsli haqqında məlumat istədim, verdukləri cavabı hüzurlarında dəftərimə köçürdüm. Sözlərini eynən nəql edirəm:" Mənin babam və anam əslən Marağalıdır, fəqər sonra Həmədana köçmüşlər. Mən Həmədanda doğulmuşam. Həmədanda babamın işləri pozulduğundan Əfqanıstana hicrət etmək məcburiyyətində qalmışdır". Marağa Azərbaycanın türk şəhərlərindən biridir. Cəmaləddin Azərbaycan dilini ana dili olaraq konuşurdu".[12]

C. Əfqaninin atası nüfuzlu din xadimi idi. Atasının sayəsində o, Kabildə mükəmməl dini təhsil aldıqdan sonra o zaman Əfqanıstanın suverenliyinə çalışan və bir müddət buna nail olan Əmir Dost Məhəmmədin yanında xidmət etmişdir. Lakin Əmir 1863-cü ildə öləndən bir qədər sonra qəbilə və vərəsə çəkişmələri zamanı o, oradan uzaqlaşmış, daha doğrusu, uzaqlaşdırılmışdır. Əfqani təxəllüsü də Əfqanıstanla bağlı idi. İran istibdadından və onların təqibindən qurtarmaq üçün o özünü çox vaxt Əfqan təbəsi kimi göstərirdi.

Şərqin bu böyük mütəfəkkirinin bir neçə çap olunmuş elmi, töfsiyyələri, məktubları, çoxlu həmsöhbətləri, şagirdləri və davamçıları vardır.

Doktor Şeyx Mustafa Əbdulrəzzaq yazır: "Seyid Cəmaləddinin əzəmətindən və böyüklüyündən danışarkən təkçə bunu demək kifayətdir ki, o, yeni Şərq tarixində insanları azadlığa çağıran birinci şəxs idi və bu yolda şəhid də o olmuşdur".

Ömrünü əsasən səyahətlərdə keçirən Cəmaləddin Əfqani bir müddət Hindistanda və Misirdə yaşamış, Məhəmməd Əmin Rəsulzadənin qeydlərinə görə, Misir Universiteində professor işləmiş, məşhur Ərabi paşa üsyanlarının rəhbərlərindən biri olmuşdur. Sonra o, Hindistana köçüb Heydərabadda məskunlaşmış, ingilislərin təkidi ilə oradan da uzaqlaşdırılmışdır. Bir müddət Tehranda yaşamış və çox keçmədən Londona gedib ömrünün bir hissəsini ingilislərin arasında keçirmişdir.

Mənbələr göstərir ki, Əfqani Amerkada da olmuş, sonra Parisə qayıtmiş, bir müddət publisistika və qəzetçiliklə məşğul olmuşdur, hətta slavyanofillərin rəhbəri Katqovla görüşüb Hindistanın azadlığl uğrunda birgə mübarizə aparmağı ona təklif etmişdir. Bütün bunlar onu Qərb müstəmləkəçilərinə qorxulu və təhlükəli düşmən kimi tanıtmışdir.

Vaxtilə Türkiyədə olmasına və 1878-ci ildə elm və tədris ocaqlarında oxuduğu antiimperialist xarakterli mühazirələrinə görə ölkədən qovulmasına baxmayaraq Sultan Əbdülhəmid onu 1892-ci ildə yenidən Türkiyəyə dəvət edir. O, ikinçi dəfə İstanbula gəlir və ömrünün axırına, yəni 1897-ci ilə qədər burada yaşayır.

1944-cü ildə sümükləri cixarılıb Əfqanıstana aparılmış və Kabildə torpağa basdırılmışdır.

C. Əfqani ilk siyasi fəaliyyətinə doğma vətəni İranda başlamışdır. O, dəfələrlə Tehrana gəlib buradakı qabaqcıl adamlarla görüşmüş, çoxlu həmfikir toplamış, İranın acınacaqlı vəziyyəti, gələcək taleyi haqqında elmi və siyasi məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.

C. Əfqani dini təhsil görmüşdü. Lakin onun tələb etdiyi elm şəriət elmi "elmi-ədyan" deyildi, dünyəvi elimlər idi, bəşəriyyətin tərəqqisinə kömək edən, qoluna güc, gözünə işıq, fikrinə yardışçı olunan elimlə idi. O, yazırdı: "Bütün var-dövlət, sərvət əsasən elmin məhsuludur. Dünya elm üstündə bərqərar olur. Elmi bəşəriyyətin əlindən alsan, daha dünyada insanlıqdan əsər qalmaz. Elm bir nəfərin gücünü on nəfərə, min və on min nəfərə bərabər edir".

Təəssüf ki, müsəlman Şərqi Monqol istilasından sonra tənəzzulə uğradı. Geniş xalq kütləsi dünyəvi elmlərdən uzaqlaşdırıldı. H. Zərdabinin sözləri ilə desək, islam 500 il üzü tənəzzülə doğru getdi. Halbuku islam dini elm dinidir. Elm sahəsində o, nəinki mühavizəkarlıq etmir, əksinə, elmin inkişafına zəmin yaradır. Cəmaləddin bütün elmi mübahisələrdə qətiyyətlə deyirdi ki, "elmə və mədəniyyətə ən yaxın və ən doğma din islam dinidir".

Lakin elmə doğma olan belə bir din son əsrlərdə cahil təfsirçilərin ucbatından xurafat, mövhumat dininə cevrilmişdir. Mürtəce din xadimləri hər şeyi alın yazısı ilə, qəzavü-qədərlə bağlayır insanları əməli fəaliyyətdən, işgüzarlıqdan, təşəbbüskarlıqdan uzaqlaşdırmağa çalışır, beyinlərə boş-boş şeylər yeridirdilər. Cəmaləddin Əfqani hələ 1872-ci ildə Kəlkütədəki ingilis məktəbində oxuyan müsəlman gəncləri qarşısında çıxış edərək deyirdi: "Qəribə burasıdır ki, müsəlman üləmaları elmi iki yerə bölmuşlər: müsəlman elmləri və Avropa elimləri. Bununla da onlar müsəlman xalqını faydalı elimləri mənimsəməkdən çəkindirirlər. Onlar başa düşmürlər ki, insanı şərafətli edən elm ayrıca hec bir xalqa mənsub deyil, kim ona yiyələnsə onundur".

Cəmaləddin həmin cixişinda belə bir maraqlı məsələyə də toxunurdu: "Təəccüblü burasıdır ki, müsəlmanlar Aristoteli o qədər rəğbətlə oxuyurlar ki, elə bil o əsl müsəlmandır. Amma Nyutonu, Qalileyi, Kepleri kafir hesab edirlər. Elmin atası-anası və sübutu dəlildir. Burada əsas Aristotel, yaxud Qaliley deyildir, haqqı, həqiqəti sübut edən elmi bizim üləmalar qadağan edirlər, elə bilirlər ki, bununla islamı qoruyub saxlayırlar. Belə adamlar əslində islamın düşmənləridir".

O, 1891-ci ilin dekabırında İngiltərənin "Mançestr qardyan" qəzetinə verdiyi müsahibəsində də bu məsələdən bəhs edərək deyirdi: "İranda indiki cəhalətin islam qanunlarına qətiyyən dəxli yoxdur. Bunlar nadan və cahil təfsirçilərin islama etdikləri əlavələrin nəticəsidir. Tarixi təkamül və inkişaf onların bu səhvlərini üzə çıxarıb islah edəcəkdir".

Odur ki, Cəmaləddin Əfqani başqa din xadimlərindən fərqli olaraq tərəqqinin, təkamülün əsasını elmdə görür və deyirdi: "Dünyanın sultanı həmişə elm olmuş, elimdir və elm olaraq qalacaqdır. Hələ heç kəs bu sultanı elm sarayından qova bilməmişdir. Dünyanın həqiqi hökmdarı olan elm ancaq vaxr aşırı paytaxtını dəyişmiş, gah Məşriqdən Məqribə, gah da Məqribdən Məşriqə getmişdir".

Əhməd Ağaoğlunun fikrincə, ittihadi-islam Quranın təbiətindən doğsa da o, siyasi bir cərəyan kimi ancaq "Seyid Cəmaləddin Əfqaninin zühuru ilə dünya üzü gördü", çünki Cəmaləddin Allah kəlamlarına başqa yöndən yanaşır, dövrün tələblərindən və Quranın təbiətindən çıxış edərək ciddi islahtlar irəli sürür və ittihadi islama Şərq xalqlarının nicatı kimi baxırdı.

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Kedourie E. Jamal al-Din al-Afghani // Encyclopædia Britannica (ing.).
  3. Dictionary of African Biography (ing.). / E. K. Akyeampong, Henry Louis Gates, Jr. NYC: OUP, 2012.
  4. Jamāl al-Dīn al-Afghānī // https://pantheon.world/profile/person/Jamāl_al-Dīn_al-Afghānī.
  5. Djamal ad-Din al-Afghani // Brockhauz Ensiklopediyası (alm.).
  6. TDV İslam Ansiklopedisi, cilt: 10, s. 456–466
  7. Landau, Jacob. "Pantürkizm", Sarmal yayınları, s. 65
  8. "Jamal ad-Din al-Afghan". Jewish Virtual Library. 15 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2010. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  9. "Sayyid Jamal ad-Din Muhammad b. Safdar al-Afghan (1838–1897)". Saudi Aramco World. Center for Islam and Science. 2002. 28 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2010. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  10. Ludwig W. Adamec, Historical Dictionary of Islam (Lanham, Md.: Scarecrow Press, 2001), p. 32
  11. Ocak, Ahmet Yaşar. "Türkiye Sosyal Tarihinde İslamın Macerası", Timaş yayınları, s. 199
  12. Ağaoğlu, Əməd. Siyasiyət: Türk Aləmi (Türk dili) (TY, 1/3 (1328)). Siyasət. 1328. s. 70-74, 200.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]