Ağzıbir palçıq vulkanı
Ağzıbir palçıq vulkanı — eyni adlı dağ silsiləsində Ağzıbir vulkanlar qrupuna aiddir. Burada Ağzıbir, Aralıq, Dovşandağ palçıq vulkanları diqqəti cəlb edir. Bu vulkanlar Azərbaycanın cənubunda, cənub-şərqi Şirvan düzünün sahil zolağında, Ələt dəniz körpüsü stansiyasından 15–20 km cənub və cənub-qərbdə yerləşir. Ağzıbir iri vulkan olub, 120 m yüksəkliyə malik, eyni adlı dağ silsiləsinin şimal-qərb hissəsinin kənarında yerləşmişdir. Vulkanın krateri Bozdağ dağının zirvəsindədir. Onun yamaclarının düşmə bucaqları müxtəlifdir, müxtəlif dərəcədə də parçalanmaya məruz qalmışlar. Şimal yamacı – ən çox yastı və hamar, qərb və şərq yamacları isə daha dikdir. Vulkanda 3 püskürmə – 1964, 1978 və 2002-ci il püskürmələri qeydə alınmışdır. Vulkan brekçiyası ilə örtülən sahə 514 ha, orta qalınlıq 80 m, kütlənin həcmi 410 min m³-dir. Krater sahəsində bir neçə qaz, su, palçıq çıxaran qrifoncıqlar vardır.