Ağzıbir (Ağdaş)

AğzıbirAzərbaycan Respublikasının Ağdaş rayonunun Ağzıbir kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağzıbir kəndi Pirəzə kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağzıbir kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2]

Ağzıbir
40°24′34″ şm. e. 47°23′20″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1900
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.798 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0312
Xəritəni göstər/gizlə
Ağzıbir xəritədə
Ağzıbir
Ağzıbir

Kəndin adı "axar suyun digər su obyektinə töküldüyü yer" mənasını ifadə edir. 1945-ci ilə qədər Ermənistanda Ağzıbir adlı kənd olmuşdur.[3]

Mingəçevir su anbarı tikilənə qədər kənd Kür çayının birbaşa sahilində yerləşirdi. Daşqınlar zaman kəndin əhalisi sahildən uzaqlaşır, daha yüksək ərazilərə köçür, su azaldıqdan sonra isə əvvəlki yerinə qayıdırdı. Sonralar əsas kənd yeri tərk olundu və indiki yerə yerləşdi. İndiki kənd yerini daşqınlardan qorumaq məqsədilə kəndin Kür çayı ilə təmasda olduğu yerlərdə əhalinin iştirakı ilə bənd çəkildi. Hazırda bənd oz əvvəlki görkəmini itirsə də əhali arasında yenə də "bənd" adlanır. Yaşlı insanların kəndin adı ilə əlaqədar söylədiyinə əsasən əvvəllər kəndin bir yolu olduğu üçün onu Ağzıbir (yəni bir yolu olan kənd) adlandırıblar. Deyilənlərə əsasən əhali bu yerlərə balıqçılıqla məşğul olmaq üçün məskunlaşmışdır.

Sovet dövründə Ağzıbir kəndi Pirəzə, Qaroğlan kəndləri ilə birgə Pirəzə sovetliyinin tərkibinə daxil olunub. Kənddə kolxoz qurUluşu qurulmuş və kolxozun adı əvvəllər H.Hacıyev adına, sonralar isə kolxoza Fariz Səfərov adı verilmişdir.

Ağzıbir Kəndinin əhalisi əvvəllər Qəbələ rayonu ərazisində yaşamış köçəri tayfalardan ibarət idi. Onlar yayda yaylağa qışda isə qışlaga köç edərdilər. Əsasən Balıqçılıq, əkinçilik, maldarlıq, bağçılıq və bostançılıq ilə məşğul olan əhali bir muddətdən sonra əvvəlki məskənlərindən yəni Qəbələ rayonundan Ağdaş rayonu Ağzıbir kəndində oturaqlaşdılar. Beləcə köç həyatı başa çatdıqdan sonra əhali bu torpaqlarda geniş ərazilərə yayıldılar. Kənd Kür çayı sahilində Tuqay meşələrində salınmışdı. Əvvəllər çox sıx olan bu meşədən 3 - 4 kilometr keçdikdən sonra duzən ərazi yerləşirdi. Həmin bu ərazidən kənd yerindən digər bölgələrə bir yol var idi. Ona görə də zaman keçdikcə əhali buranı "Ağzıbir" yəni yolu, keçidi bir olan yer kimi adlandırdılar. Daha sonra yerli qonşu kəndlərlə qohumluq əlaqələri inkişaf etdi. Beləcə kənd böyüdü. Mingəçevir su anbarı tikilməsindən əvvəllər burada çox sel və daşqınlar baş verir, əhaliyə iqtisadi cəhətdən ziyan dəyirdi. Güclü daşqınlar nəticəsində əhali digər təhlükəsiz ərazilərə indiki Ağzıbir Kəndi ərazisinə köçməyə məcbur oldu. Əhali bu ərazilərin təhlükəsizliyini təmin etmək məqsədilə kənd ətrafına Bənd çəkdi. Bu prosesdə iştirak edən şəxslər daha sonra medallar və müavinətlər aldılar. İndi həmin bənd cismən nəzərəçarpır. Əhali həmin bölgəni " Bənd və ya Bəndin üstü, bəndin yuxarısı" adlandırır. Kənd 5 hissədən ibarətdir : "Yoncalı, aşağı kənd, yuxarı kənd, arxın dalı, və orta kənd" deyə əhali arasında qeyd olunur. Burada sovetlər dönəmində kolxoz və sovxoz rejimləri qurulub. Hazırda kənd Agdaş rayonu tərkibindədir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Kürün sol sahilindən bir qədər aralı, Şirvan düzündə, dəniz səviyyəsindən 8 metr yüksəklikdə, rayon mərkəzindən 33 km, Bakıdan 271 km məsafədə yerləşir. Kəndin ərazisində Ağzıbir meşəsi də var. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır.

Mülayim-isti yarımsəhra və quru çöl iqlimi yayılmışdır. Bu iqlim havanın nisbi rütubətinin aşağı olması, yayın isti keçməsi ilə səciyyələnir. Orta illik havanın temperaturu (izotermlər): +14 – 14,5 °C. Yağıntaların orta illik miqdarı: 200 – 400 mm. Ümumi günəş radiasiyası: 128 – 132 kkal/kv.sm. Günəş parıltısı illik saatlarının miqdarı: 2200 – 2400.

1886—cı ildə kənddə 258 nəfər, hamısı azərbaycanlı, dini etiqadı ilə sünni müsəlman yaşayırdı. 2009-cu il üçün əhalisi 1798 nəfər təşkil edir. Əhalisinin demək olar ki, bütün hissəsi azərbaycanlılardır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsasən heyvandarlıq inkişaf etmişdir. Əkinçiliyin inkişafına mane olacaq səbəblər içərisinə torpaqların su ilə təminatının aşağı olması, həm də torpaqların şorlaşmasıdır. Əhali pambıqçılıq, taxılçılıq, heyvandarlıq və baramaçılıqla məşğul olur.

Suvarma suyu Kür çayından nasoslarla təmin olunduğündan istehsal olunan məhsulun maya dəyəri çox yüksək olur. Eyni zamanda kənd təsərrüfatı bitkilərinin istehsalı zamanı aqrotexniki norma qaydalara riayət olunmadığından məhsuldarlıq çox aşağıdır.

Bunlara baxmayaraq əhalinin əksəriyyəti əkinçiliklə də məşğul olur. Burada əsasən pambıq, taxıl, bostan və tərəvəz bitkiləri üstunlük təşkil edir. Heyvandarlığın inkişafı ilə əlaqədar yem bitkilərindən əsasən yoncadan istifadə edilir. Torpaq sahələri əhali arasında paylanmışdir.

Kənddə poçt şöbəsi, kitabxana, məscid və orta məktəb yerləşir.[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. Ağzıbir (Ağdaş) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. "Məktəblər". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.