AİŞƏ BİNT ƏBU BƏKR
(56/676-cı ildə vəfat etmişdir)
Məhəmməd peyğəmbərin həyat yoldaşlarından biri, Əbu Bəkr Siddiqin qızıdır.
Təxminən miladi 612-ci ildə Məkkədə doğulmuş, kiçik yaşlarından müsəlman olmuşdur. Rəvayətlərə görə, Məhəmməd peyğəmbərlə 620-ci ildə Məkkədə evlənmiş, ər evinə isə iki ildən sonra köçmüşdür. O zaman onun 9 və ya 10 yaşı olmuşdur. Ancaq, bu hadisə barəsində başqa rəvayətlər də mövcuddur. İbn Hişamın eləcə də, digər tarixçilərin yazdıqlarına görə, Aişə ilk İslamı qəbul edənlərdən biridir. Buna görə də, onların izdivacı reallaşanda onun 15 yaşının olduğu qeyd edilir. Bununla belə, müxtəlif tarixçi və tədqiqatçılara görə, peyğəmbərdən əvvəl Cubeyr ibn Mutim Aişəyə elçi göndərmişdir. Buna görə də, tarixi hadisələrdən hərəkətlə deyə bilərik ki, peyğəmbərlə evləndiyi vaxt onun 17 yaşının olması ehtimal da vardır. Ayrıca, yaşının daha çox olduğu haqqında da ehtimallar güman edilir. Bu evlilik, erkən müsəlman cəmiyyətində hörmət sahibi olan Əbu Bəkr Siddiqlə Məhəmməd peyğəmbərin dostluq bağlarını daha da gücləndirmişdir. Rəvayətlərə görə, peyğəmbər Aişəni çox sevmişdir. Hicrətdən sonrakı dövrlərdə, Aişə müxtəlif döyüşlərdə iştirak edərək yaralı müsəlman döyüşçülərə tibbi yardım göstərmişdir.
Rəvayətlərdə onun həyatında xoşagəlməyən bir hadisənin baş verdiyi haqqında məlumat verilir. Bəni Müstəliq qəbiləsinə qarşı yürüş zamanı o, müəyyən səbəblərdən karvandan uzaq düşmüş, Səfvan adlı bir müsəlman isə onu Məhəmməd peyğəmbərin yanına gətirmişdir. Müsəlmanların arasında olan münafiqlər (I) Aişə haqqında yalan və böhtanlar yaymağa başlamışdırlar. Onlar müsəlmanlar arasında onun namusunun kirləndiyi haqqında şayiələr yayaraq, orada müsəlmanlar arasında nifaq salmağa çalışmışdırlar. Buna görə o, çox üzülmüş, Mədinəyə qayıdandan sonra xəstələnmişdir. Hətta, bir ay atasının evində qalmışdır. Nəhayət, Məhəmməd peyğəmbərə Allahdan Aişənin günahsız olduğunu sübut edən ayə (Quran, 24: 1-10) nazil olmuş, bununla da problem ortadan qalxmışdır.
Məhəmməd peyğəmbər həyatının son günlərini Aişənin evində keçirmiş və onun yanında dünyasını dəyişmişdir. Onun vəfatından bir qədər sonra, Aişənin həyatında daha bir önəmli hadisə baş vermişdir. Xilafətdə daxili çəkişmələr gedən zaman o, Cəməl döyüşündə xəlifə Əlinin qoşununa qarşı vuruşanların sırasında yer almışdır.
Ancaq, bu döyüşü qazanan xəlifə Əli ona böyük hörmət və izzət bəsləyərək Mədinəyə yola salmışdır.
Aişə bacarıqlı və bilikli qadın olmuşdur.
Onun yaxşı yaddaşı olduğundan, çoxlu hədislər rəvayət etmişdir. O, müsəlman hüquq elminin yaradıcılarından biri hesab edilir. Ayrıca, Aişə tibb və ədəbiyyat sahəsində də bacarığa sahib olmuşdur. Aişə, Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründə Mədinədə dünyasını dəyişmişdir.