Alçaq sabal palması
Təbii şəraitdə Kuba, Meksika və Venesuela da bitir.
Hündürlüyü 60- 80 sm-ə çatır.Alçaq sabal gövdəsiz olub, torpaq qatının üst hissəsində yerləşir.Yarpaqları çətirşəkilli, uzun, əyri saplaqlarda ( 70 sm-ə qədər) yerləşir.Yarpaq ayasının uzunluğu 30- 60 sm olub, göyümtül – yaşıl, yumru, hissələrə bölünmüşdür, orta hissəsində uzunluğu 90 sm-ə çatır.Çiçək qrupları (1-3) mürəkkəb- süpürgəvaridir, yuxarı hissəsində açılmışdır, uzunluğu 1m-ə qədərdir.Çiçəkləri ikicinsli, xırda, ağımtıl və yaşılımtıldir.Çiçəkyanlığı 6 ləçəkli, erkəkçikləri 6 ədəd, yumurtalığı 3 yuvalı, sütuncuğu üçkünc olub, başcığı dişicik ağızlıdır. İyulun axırı – avqustun əvvəlində çiçəkləyir.Meyvəsi şarşəkilli, qara, diametri 1 sm-ə qədərdir, noyabrda yetişir. Toxumu şarşəkilli, qonur rəngli, az hamardır, diametri 0,8 sm-dir.Toxumla çoxalır.
Qumlu və əhəngli torpaqlarda bitir, nəmişliyə çox tələbkardır. -10-11 C dərəcə şaxtalara dözür.Bu palmanı külək və qar çox zədələyir, yarpaqlarını qırır.Yay aylarında sabal palmasını bol suvarmaq lazımdır.Zəif böyüyür, vegetasiya dövründə 3-5 yarpaq əmələ gətirir.
Alçaq sabal 1963- cü ildən Mərdəkan dendrarisinə introduksiya olunmuşdur. Bakı , Gəncə , Qəbələ , Lənkəran , Zaqatala və digər şəhərlərdə park və bağlarda becərilir.
Qazon əkinlərində, küləkdən qorunan rütubətli yerlərdə tək və qrup halında becərilməyə yararlıdır.
Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.