Əliövsət Quliyev
Əliövsət Nəcəfqulu oğlu Quliyev (23 avqust 1922, Qızılağac, Salyan qəzası, Azərbaycan SSR, SSRİ – 6 noyabr 1969, Bakı, Azərbaycan SSR, SSRİ) — tarix elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvü, 1953–1958-ci və 1967–1969-cu illərdə Azərbaycan SSR EA Tarix İnstitunun direktoru.
Əliövsət Nəcəfqulu oğlu Quliyev 1922-ci il avqustun 23-də Salyan rayonunun Qızılağac kəndində anadan olmuşdur.
1930-cu ildə Əliövsət Quliyev Qızılağac kənd orta məktəbinə daxil olur. Yaxşı oxuduğuna görə Ə.Quliyevi birinci sinifdən birbaşa üçüncü sinifə keçirirlər və o, altı illik məktəbi beş ilə bitirərək 1935-ci ildə Salyan pedaqoji məktəbinin tarix fakültəsinə daxil olur. Pedaqoji məktəbdə oxuya-oxuya Salyandakı 4 №-li orta məktəbdə tarixdən dərs deməyə başlayır. 1939-cu ildə Salyan pedaqoji məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olur. Eyni zamanda, Bakıdakı 172 №-li orta məktəbdə tarix dərsi deyir. 1943-cü ildə ADU-nun həmkarlar ittifaqı komitəsinin sədri seçilir.1944-cü ildə ADU-nu fərqlənmə diplomu ilə bitirir, Azərbaycan tarixi kafedrasının tövsiyəsi ilə həmin kafedrada müəllim kimi saxlanılır və «Azərbaycan tarixi» ixtisası üzrə aspiranturaya daxil olur. 1945-ci ilin dekabrında ali məktəb və elmi idarə işçiləri həmkarlar ittifaqının sədri seçilir və 1950-ci ilədək həmin vəzifədə çalışır.
1948-ci ildə Əliövsət Quliyev «1903-cü ildə Bakıda iyul ümumi tətili» mövzusunda namizədlik dissertasiyasını müdafiə edir və ADU-nun tarix fakültəsinin dekanı olur.