Avtovağzal metrostansiyası
Avtovağzal metrostansiyası — Bakı metrosunun 19 aprel 2016-cı ildə istifadəyə verilən stansiyası. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun Koroğlu operasında Arazbarı zərbi muğamından fraqment səslənir.
== Tarixi ==
Bakı Beynəlxalq Avtovağzal Kompleksinə metro xəttinin çəkilməsi ilə bağlı tapşırığı Prezident İlham Əliyev 2008-ci ildə metronun "Nəsimi" stansiyasının açılışı zamanı vermişdi.
Stansiyanın tikintisinə 2009-cu ilin sentyabrında başlanılıb. Layihə işləri "Bakımetrolayihə" İnstitutu tərəfindən yerinə yetirilib.
Layihəyə əsasən, "Avtovağzal" stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Yeni xətdə yaradılan həm "Avtovağzal", həm də "Memar Əcəmi" stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub.