Əkbər Qoşalı
Əkbər Qoşalı (azərb. Yolçuyev Əkbər Mehdi oğlu; 3 aprel 1973, Qoşa, Tovuz rayonu) — nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin (1998) və Azərbaycan Jurnalistlər Birliyinin (1995) üzvü; DGTYB-nin sədri (1998-ci ildən).
Əkbər Qoşalı 1973-cü il aprelin 3-də Tovuz rayonunun Qoşa kəndində anadan olub. Orta təhsilini Qoşa kənd natamam orta məktəbində (1980–1988) və Çatax kənd orta məktəbində (1988–1990) alıb.
Əkbər Qoşalı 1990-cı ildə Azərbaycan Texniki Universitetinə (keçmiş Politexnik İnstitutu) qəbul olunub, 1995-ci ildə bu ali məktəbi "Elektronika mühəndisi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998–2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (keçmiş BSİPİ) "Dövlət və bələdiyyə idarəetməsi" istiqaməti üzrə ikinci ali təhsil alıb.
Ailəlidir, üç övladı var.
Əkbər Qoşalı Dövlət orqanlarında iş təcrübəsinə 1996-cı ilin fevral ayında Gənclər və İdman Nazirliyi, Gənclərlə iş üzrə Baş İdarəsinin "Sosial proqramlar" şöbəsində təlimatçı olaraq başlayıb. Həmin ilin aprel ayından isə nazirliyin "İctimai-siyasi" şöbəsinin baş təlimatçısı vəzifəsinə keçirilib və 2000-ci ilin aprelinədək burada çalışıb. Azərbaycan Prezidentinin fəxri sədrliyi ilə fəaliyyət göstərən Azərbaycanda ATATÜRK Mərkəzi yaranandan əmək fəaliyyətini burada davam etdirən Ə. Qoşalı, 2006-cı ilin aprelinədək Mərkəzin elmi əməkdaşı, 2006-cı ilin aprelindən həmin ilin noyabr ayınadək şöbə müdiri vəzifəsində çalışıb.