Krım buxurkolu
Krım buxurkolu (lat. Cistus tauricus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Krımda, Cənubi Qafqazın qərbində, Şərqi Aralıq dənizi sahillərində təbii halda yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 0,5-1 m-ə çatan kiçik koldur. Yarpaqlarının uzunluğu 1-5 sm, eni 1-2 sm olub, qırışlı, uzunsov-yumurtavari, boz-yaşıl rəngli və üzbəüz düzülüşlüdür. Çiçəklərinin diametri 4,5-5 sm, çəhrayı rənglidir. Krım buxurkolunun yarpaqlarında və cavan zoğlarında aromatik qatran (buxur adlanan) ifraz edən vəziciklər vardır. Kasayarpaqları 5, bəzən 3 ədəd olub hamısı eynidir və ya 2 üstdə yerləşənlər daxildə olanlardan fərqlənir; ləçəkləri 5 ədəd, qırmızı, çəhrayı və ya ağ, bünövrəsi sarıdır; erkəkcikləri çoxdur, hamısı meyvə verəndir; dişicik ağzı böyük, başcıqlı, oturaq və ya sütuncaqda yerləşir. Meyvəsi 8 mm uzunluğunda, 5 laya açılan, tüklü və oval qutucuqdur. May-iyun aylarında çiçəkləyir, meyvələri iyul-avqustda yetişir.