Bəşəriyyətin birliyi (Bəhailikdə)
Bəşəriyyətin birliyi Bəhai dininin ən vacib prinsiplərindən biridir. Bəhai təlimlərinə görə, Allah bütün insanları öz surətində yaratdığı üçün onlar arasında irqi və ya milli fərq qoymur. Odur ki, bütün insanlar bərabər yaradılmışlar deyə, onlar hamısı eyni imkanlara və eyni münasibətə layiqdirlər. Bəhai baxışı bəşəriyyətin birliyini, insanların bütün dünyanı "qucaqlaması" gərəkdiyini və yalnız öz xalqlarını deyil, bütün dünyanı sevməsi gərəkdiyini önə sürür. Bununla belə, bu təlimlər yeknəsəklikdə birliyi yox, müxtəliflikdə birliyi nəzərdə tutur, harada ki, insan irqinin fərqlilikləri bəşəriyyətin zənginliyidir.
== Birlik ==
Bəhai dinindəki "bəşəriyyətin birliyi" prinsipi bütün insanların bərabər şəkildə Allahın bənzəri və surətində yaradılması təliminə əsaslanır və Allah onlar arasında heç bir fərq qoymur. Bu təlimlər bütün növ irqi, milli, cinsi, sinfi və sosial bölünmələrin fövqündə olan və onların müxtəlifliyini qoruyan bir bəşəri birliyi vurğulayır. Bəhai yazıları qeyd edir ki, bütün insan növü vahid bir orqanizmdir, bütün insanlar eyni təməl qabiliyyətlərə malikdirlər, və dərinin rəngi və ya digər fiziki fərqlər önəmli deyil və bir etnik qrupu digəri üzərində yüksəltmir.
Bəhai baxışına görə, insanlıq həmişə bir növə məxsus olub, lakin cəhalət, önyarğı və hakimiyyət hərisliyi bunun qəbul edilməsinin qarşısını alıb. Müxtəlif etnik qruplar arasında mövcud olan tarixi fərqlər uzun vədəli perspektivdə təlim-tərbiyə və mədəni imkanlardakı fərqlərlə, həmçinin irqi təəssübkeşlik və yaşadılmış zülmlərlə bağlıdır.