Cavadxan
Cavad xan və ya Cavad xan Ziyadoğlu-Qacar (1748, Gəncə – 1803, Gəncə) — Qacar xanədanından olan böyük Azərbaycan sərkərdəsi, İran dövlətində ordu sərdarı, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı. 1786-cı ildən Gəncə şəhərini idarə edən Cavad xan Ziyadoğlu 1804-cü ilin yanvar ayının 3-dən 4-ə keçən gecə uzun müddət general Pavel Sisianovun başçılığı altında şəhəri mühasirədə saxlayan işğalçı rus qoşunları ilə baş verən qanlı döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Cavad xan XVI əsrdən etibarən Gəncə şəhərində hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan qacarların bir qoludur. Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyillərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına dair and içirlər, lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır.
Cavad xanın başcılığı ilə igid gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə apardılar.
Cavad xan 1748-ci ildə Gəncə şəhərində dünyaya gəlmişdir. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncə xanı olmuşdur.