Yaponiyada dərslik qalmaqalı (1902)
Dərslik qalmaqalı (教科書疑獄, Kyokaşo qiqoku) – 1902-ci ildə Yaponiyada dərsliklərlə bağlı baş vermiş rüşvət qalmaqalı. Qalmaqal 1903-cü ilə qədər davam etmişdir.
Dərslik qalmaqalı 1902-ci ildə ibtidai və orta məktəblər üçün keçirilən dərslik seçimlərində rüşvətdən istifadə edilməsinin aşkarlanması ilə başlamışdır. Yaponiyada dərsliklər özəl şirkətlər tərəfindən hazırlandıqdan sonra Yaponiya Təhsil Nazirliyi tərəfindən təsdiq olunur, daha sonra prefektura komitələrinin qiymətləndirilməsinə təqdim olunurdular.
Şirkətlər dərslik seçimləri üçün kəskin rəqabət apardıqları üçün bəzi şirkətlərin rüşvət təklif etməsi barədə şayiələr yayılmağa başlamışdır: bir şirkətin 2 il boyunca 360 min yen məbləğində rüşvət verdiyi iddia edilirdi. 1902-ci ilin dekabrında Yaponiya Ədalət Nazirliyi gizli təhqiqatlar başlatmışdır. Aparılmış təhqiqatlar nəticəsində 1903-cü ilin martına qədər 200-dən çox şəxs həbs edilmişdir. Həbs edilənlərin sırasına məktəb müfəttişləri, keçmiş prefektura qubernatorları və dərslik şirkəti prezidentləri də daxil idi.
Qalmaqal nəticəsində həbs edilənlərin 116 nəfəri günahkar hesab edilmişdir. Təhsil naziri Kikuçi Dayroku məsuliyyəti öz üzərinə götürərək istefa vermişdir.