Tikanlı dəvəqıran
== Təbii yayılması ==
Aralıq dənizyanı ölkələrinin şərqində, Avropa, Qərbi Sibir, Şərqi və Cənubi Zaqafqaziya, Krım, Kiçik və Orta Asiya, İranda bitir. Midiyadan təsvir edilmişdir.
== Botaniki təsviri ==
Güclü, dağınıq budaqlanmış, tikanlı və ya tikansız ağ budaqları olan, (25) 40-100 sm hündürlüyündə kol və ya kolcuqdur. Yaşlı budaqların qabığı qonur və ya boz, yarpaqlıdır. Yarpaqaltlığı qısa, silindrvari, aşağısı qonurumtul, yuxarısı pərdəvari, uzunluğu 5–16 mm, eni 1,5-5,5 mm, dərivarı, çılpaq, göyümsovdur. Çiçəkləri ikicinsli, al və ya al-çəhrayıdır. Çiçəkləri budaqların yuxarı hissəsində, yarpaq qoltuğundan çıxan buğumlu, uzun çiçək saplağının uc hissəsində 2-dən 6-dək topa halında yerləşir. Çiçəkyanlığının uzunluğu 4,5–8 mm, eni 5–9 mm olmaqla adətən tünd çəhrayı və ya ağ, onun xaricdəki hissələri uzunsov-yumurtavari, meyvələrdə aşağı qatlanır, bəzən möhkəm sıxılmış vəziyyətdə durur, daxildəkilər dəyirmi-ürəkvari, dikduran, fındıqcığı yastı, uzunsov-yumurtavari, sarımtıl-şabalıdı və ya açıq qonur, parlaq, uzunluğu 4–5 mm, eni (2,5) 3 (4) mm-dir. May-iyun aylarında çiçəkləyir, meyvəsi VI-VIII aylarda yetişir.
== Ekologiyası ==
Quru və xüsusilə daşlı torpaqlarda, günəşli yerlərdə daha yaxşı bitir.