Dersim qətliamı
Dersim üsyanı 1937–1938-ci illərdə Dersimdə, mərkəzi Türk hökuməti ilə bəzi Dersim tayfaları arasında bölgənin hakimiyyəti ilə əlaqədar mübahisələr nəticəsində baş verən hadisələr. Dersimdə (Tunceli, Erzincan, Elazığ, Sivas, Malatya və Bingöl illərinin bir hissəsi) qəbilə üsyanı nəticəsində mütləq dövlət hakimiyyətini təmin etmək üçün Türk Silahlı Qüvvələri tərəfindən tayfalara qarşı əməliyyat təşkil edildi. Üsyançıların əksəriyyəti 1920-ci ildə Sivasın Zara və İmranlı bölgələrinə sığınan üsyançılardan ibarət idi. Əməliyyat nəticəsində bəzi mənbələrə görə bölgədə yaşayan 13.160 nəfər və 110 əsgər öldü və təxminən 12 min nəfər məcburən köçməli oldu.
== Arxa plan ==
Koçkiri üsyanı yatırıldıqdan sonra Sivasın Zara və İmranlı bölgələrindən Dersimə çəkilən üsyançılar bölgədə təşkilatlanmaya başladılar. Bəzi Dersim tayfalarının təşkilatlanması qəbul olunsa da, Koçkiri üsyanının liderlərinə verilən əfv nəticəsində, Əlişir xaricində digər təşkilat üzvləri təslim oldular, Dersim bölgəsində qalanların əhəmiyyətli üsyan hərəkatına qarışmadığı bildirildi. Ancaq əvvəllər hökumətlə əlaqələr quran Seyid Rıza, Koçkirlilərin ona sığınması nəticəsində hökumətlə arası pozulmuşdu.
Bölgə istər coğrafi qurluşuna görə, istərsə mərkəzdən uzaqlığına görə mərkəzi hakimiyyətin tam qurula bilmədiyi və feodal əlaqələrinin güclü olduğu quruluşda idi. Bu baxımdan Osmanlı dövründə bölgədə bir çox qiyam baş vermişdir. Bölgədəki Dersim qiyamları adlanan qiyamlar arasında Osmanlı dövründəki son üsyan 1916-cı ildə Birinci dünya müharibəsi dövründə baş vermişdi.