Erməni dilinin Qarabağ dialekti
Erməni dilinin Qarabağ dialekti (erm. Ղարաբաղի բարբառ, Ğarabaği barbař) və ya Artsax dialekti (erm. Արցախի բարբառ, Artsakhi barbař), həmçinin bəzən Şuşa dialekti (erm. Շուշիի բարբառ, Šušii barbarř) — şərqi erməni dilinin Dağlıq Qarabağ erməniləri, eləcə də Ermənistan Respublikasının cənub və şimal-şərqində yaşayan ermənilər tərəfindən danışılan xüsusi fonetik və sintaktik quruluşa malik dialekti.
Bu dialektdə Azərbaycan SSR-də, xüsusən də Bakı və Gəncə şəhərlərində yaşayan ermənilərin əksəriyyəti danışırdı. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan erməniləri öz evlərini tərk etmək məcburiyyətində qalmışdılar. Bu gün Azərbaycandan olan erməni mühacir və qaçqınların əksəriyyəti Ermənistan və Rusiyada yaşayır, burada bəzən standart erməni və rus dilləri ilə yanaşı Qarabağ dialekti də danışılır.
Dialekt ən geniş yayılmış erməni dialektlərindən biri hesab olunur. Daşıyıcıların sayı barədə dəqiq məlumat yoxdur. 1969-cu il siyahıyaalınmasına əsasən, SSRİ ərazisində Qarabağ dialektində danışan 1 milyona yaxın insan yaşayırdı ki, bu da Azərbaycan SSR ərazisindəki 484 min erməni əhalisinin demək olar ki, hamısını (Naxçıvan MSSR erməniləri istisna olmaqla) təşkil edirdi.