ELM
isbatlanmış obyektiv biliklərdir.
Bu anlayış İslamda ehkamlarla çərçivələnmişdir.
İslama görə elmin qaynağı Allahdır.
Ona yönəlmək alqışlanır, yaxşı işlərdən hesab edilir. Məhəmməd peyğəmbərə nazil olunmuş ilk Quran ayələrində (96: 1-3) elmə yönəlmənin və oxumağın vacibliyi vurğulanmışdır.
Quranda “elm” sözü və onun müxtəlif sinonimləri dəfələrlə zikr edilməkdədir.
Elm yalnız oxumaqla deyil, Allahın verdiyi xüsusi istedadla da əldə edilir. Elmi bilik vasitəli və ya vasitəsiz yollarla əldə edilə bilər.
Vasitəsiz bilik insana doğuşdan, fitrətən Allah tərəfindən verilir. Vasitəli bilik isə insanın zəhməti qarşılığında çalışmaqla əldə edilir. Məhz, dini və dünyəvi elmlər bu yolla əldə edilməkdədir.
İslam təlimlərində bilik üç vasitə ilə əldə oluna bilər: duyğu orqanları, metafizik və araşdırma yolu ilə əldə olunan elmlər. Dinə görə ayrı-ayrı biliklərin əldə olunması bütün müsəlmanlar üçün vacibdir. Məsələn, müsəlmanlar halalı haramdan, yaxşını pisdən ayırmalıdırlar.
Digər elmlər isə ehtiyac olduqca öyrənilməlidir. İslamda bütün pisliklər haqsızlıq, elmsizliklə əlaqələndirilir. Pisliyin nə olmasını anlayan insan, onun elmsizlik və inancsızlıqdan ortaya çıxdığını dərk etməkdədir.
İslamın müxtəlif elm sahələrini bilən alimlərə “üləma” deyilir. Onlar elmləri qarşılıqsız öyrətməli, heç bir qazanc və şöhrət məqsədi güdməyərək yalnız İslamın yüksəlişi üçün çalışmalıdırlar. Eyni zamanda, sadə olmalı, bilikləri ilə öyünməməlidirlər.
Müsəlman aliminin ən başlıca məqsədi alınmış biliklərin başqa insanlara, yəni müsəlmanlara ötürməli, onu ölkənin çiçəklənməsinə yönəltməlidir. Bunu etmək vacibdir. İslamda dini elmlər ilahiyyat adı altında öyrənilir. Bunlardan bəziləri aşağıdakılardır: əxlaq - gözəl davranış haqqında; kəlam – Allahın varlığı və sifətlərini öyrənən; təcvid – Quranın düzgün və qaydalara uğun oxunmasını öyrədən elm sahəsidir; təfsir isə – Quranın izah olunması istiqamətində formalaşan elmidir; hədis – peyğəmbərin kəlamlarını araşdıran elm sahəsidir. İslamın inanc doktrinası, hüquq və əxlaq qaydaları “ilmihallar” və “risalələr” adlanan kiçik məcmuələrdə yer alır.