Faxralı
Faxralı (gürc. ფახრალო; 1991-ci ildən gürc. Talaveri/ტალავერი) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. İmirhəsən və Bala Darbaz kəndləri ilə birlikdə Faxralı icma sakrebulosunu təşkil edir. Kənd şimalda Qoçulu, cənubda Bala Darbaz, şərqdə Saraçlı, şimali-şərqdə İmirhəsən, qərbdə Kəpənəkçi, şimali-qərbdə Xatissopeli, Mığırlı və Cəfərli kəndləri ilə əhatələnib.
== Etimologiya ==
Bu oykonim xalq etimologiyasına görə, "Fəxr" sözü ilə "Alı" şəxs adının birləşməsindən, başqa bir etimologiyaya görə isə, "fağır" sözü ilə "Alı" antroponiminin – şəxs adının birləşməsindən yaranıb. "Faxralı" oykoniminin birinci komponentindəki, yəni "fəxr" sözündəki "ə" incə saitinin qalın "a" səsinə çevrilməsini nəzərə alsaq, onda "Faxralı" kənd adının "Fəxr" və "Alı" şəxs adından düzəlməsi düşünülür. 90-cı illərin əvvəllərində rayonun digər 32 kəndinin adı kimi Faxralı toponimi də dəyişdirilmiş, "gürcüləşdirilmiş" və Talaveri (gürcücə hərfi mənası "üzüm talvarı", "üzümlük" anlamına gəlir) adlandırılmışdır.
== Tarix ==
Kəndin tarixi tam olaraq araşdırılmamışdır. Buna baxmayaraq kəndin təxminən 800 illik yaşayış yeri olduğunu fərz etmək münkündür.