Babək Qurbanov ( filosof )
Babək Osman oğlu Qurbanov (d.26 iyun 1939, Qazax r. — ö.28 mart 2019, Türkiyə) — Osman Sarıvəllinin oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor., Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda "Estetika və Etika" şöbəsinin müdiri, Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət tarixi və nəzəriyyəsi" kafedrasının rəhbəri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müdafiə üzrə elmi şurasının sədr müavinidir.
== Həyatı ==
Babək Osman oğlu Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsini bitirib və "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib.
1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasını;
1981-ci ildə isə Moskvada SSRİ EA-nın Fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
== Əmək fəaliyyəti ==
1985-ci ildən professordur. Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvüdür. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981–1989-cu illər arası AMEA-nın fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992–2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olmuş, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyir. 1992-ci ildən Türkiyənin Atatürk Universitetində üç fakültədə Etika, Estetika, Fəlsəfə, Ümumi və xüsusi təhsil metodları, Türk düşüncə tarixi, Musiqi nəzəriyyəsinə giriş, Musiqi nəzəriyyəsi, Musiqi əsərlərinin təhlili, Musiqi estetikası, Sənət fəlsəfəsi, Musiqi formaları, Harmoniya fənlərindən dərs demiş, bu fənlər üzrə magistr və aspirantlarla da məşğul olmuşdur.