Filireyaşəkilli fontaneziya
Filireyaşəkilli fontaneziya (lat. Fontanesia philliraeoides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin fontaneziya cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Təbiətdə Kiçik Asiya və Siciliya adasında rast gəlinir. Dekorativ bitki kimi Aralıq dənizi sahillərində becərilir.
== Botaniki təsviri ==
Hündürlüyü 3 m-dək, şaxələnmiş, sarı-qonur budaqlı, yarpağı tökülən koldur. Zoğları dörd hissəli, yarpaq yerləşməsi üzbəüzdür. Yarpaqları sadə, bütöv, yumurtavari-neştərvari və ya ellipsvari, uzunluğu 2-4 sm və eni 0,8 sm, pöhrədən əmələ gələn zoğlarında uzunluğu 7sm-dək və eni 1,5 sm, kənarları xırda dişli, bozumtul-yaşıldır. Saplaqların uzunluğu 2-5 mm-dir. Çiçək qrupları yan budaqlarda qısa, qoltuq və ya uc, yarpaqlı süpürgələrdir. Çiçəkləri xırda; kasacığı 4 xırda kasayarpaqlardan ibarətdir; ləçəkləri 4 ədəd, ensiz, ağımtıl; erkəkcikləri ləçəklərdən iri; yumurtalığı yuxarı, 2 yuvalı; dişicik ağzı 2 qanadlıdır.