Fəqir Ordubadi
Hacı ağa Fəqir Ordubadi (1836, Ordubad – 1886, Ordubad, Naxçıvan qəzası) — görkəmli Azərbaycan nasiri Məmməd Səid Ordubadiinin atası, dövrünün tanınmış ziyalısı və şairi.
== Həyatı ==
Hacı ağa Fəqir Ordubadi 9 yanvar 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində anadan olmuşdur. Atası Məhəmməd ticarət işləri ilə əlaqədar olaraq tez-tez İrana, Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedər, bəzən oğlu Hacağanı da özü ilə birlikdə aparardı. Odur ki, gəzdiyi yerlər və şahidi olduğu hadisələr hələ kiçik yaşlarından Fəqirin dünyagörüşünə təsir etmiş, onun gələcək inkişafında müsbət rol oynamışdır.
Firidun bəy Köçərlinin tədqiqatlarından məlum olur ki, Fəqir Ordubadi Şirazda təhsil almış, ərəb və fars dillərini orada mükəmməl öyrənmişdir.
M. S. Ordubadi atası haqqında yazır ki, "atam Hacıağa Fəqir, Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hatəm Ordubadinin nəvəsidir. Atam İran Azərbaycanının Dizmar mahalından, Üştibin kəndindən olan Pənah adlı bir bağbanın qızı ilə evlənib ailə qurmuşdur. Nəsillikcə məşhur şair Nəbatiyə qohum sayılan bu ailə "yerli Həsənabad xanlarının qarət və qırğınından" yaxa qurtarmaq üçün baş götürüb qaçmış və Ordubadda məskən salmışdı. Hacıağa bu ailədən evləndiyi zaman həddindən artıq yoxsulluq içərisində yaşayırdı. Məhz buna görə də şerlərində "Fəqir" təxəllüsünü işlədirdi"[mənbə göstərin].