Gümüşü akasiya
Gümüşü akasiya (lat. Acacia dealbata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Gümüşü akasiya Avstraliyanın cənub-şərq sahillərində, Uels, Viktoriya, Tasmaniya adasında, mədəni halda Hindistan, Şri-Lanka, Cənubi Afrika, Aralıq dənizi sahili ölkələrində yayılmışdır.
Hündürlüyü 25 m-ə, diametri 1 m-ə çatan, tikanlı və tikansız, həmişəyaşıl, enli çətirli ağac və ya koldur. Cavan budaqların qabığı yaşıl və hamardır, aşağıya getdikcə çoxçatlı və boz rəngdədir, üzərində uzununa qeyri-bərabər çatlar olur, bu çatlardan çox zaman qatran ifraz olunur. Yarpaq düzülüşü növbəli və bəzən topa halındadır. Çох zaman xırda yarpaqcıqları fillodilər şəklindədir və ya tikansız saplağı əvəz edir. Yarpaqları cütlələkvari, gümüşü-yaşıl, yаxud gümüşü-bozdur. Yarpaqları iki sıralıdır. Birinci sırada 8–25 cüt, ikinci sırada isə 30–40 cüt yarpaqcıq yerləşir.