Gülbəniz Muxtarova
Gülbəniz Muxtarova (tam adı: Gülbəniz Siyavuş qızı Muxtarova) (22 sentyabr 1974, Mingəçevir) — AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neftlərin tədqiqi və yağların alınma texnologiyası laboratoriyası” laboratoriyasının müdiri, texnika üzrə elmlər doktoru, dosent.
== Ümumi məlumatlar ==
Gülbəniz Siyavuş qızı Muxtarova 1974-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1991-ci ildə Mingəçevir şəhər 7 saylı orta məktəbi gümüş medalla bitirmişdir. 1992-1997-ci illərdə Türkiyə Respublikası Ankara şəhərində Qazi Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini bitirmiş, 1998-1999-cu illərdə Akademik Y.Məmmədəliyev adına NKPİ-də «Katalitik krekinq və piroliz» laboratoriyasında kimyaçı vəzifəsində işləmişdir. 1999-2001-ci illərdə Qazi Universitetinin Kimya Fakültəsinin magistr pilləsini bitirmiş və eyni zamanda 1999-2001-ci illərdə Ankara şəhərində Özəl Bilgi kollecində kimya müəlliməsi işləmişdir.
G.S.Muxtarova 2003-cü ildə Y.Məmmədəliyev adına NKPİ-də kimyaçı vəzifəsində işə başlamış, 2004-cü ildə kiçik elmi işçi, 2005-ci ildə elmi işçi, 2010-cu ildə böyük elmi işçi vəzifəsini icra edən, 2012-ci ildə böyük elmi işçi, 2012-ci ilin iyul ayında aparıcı elmi işçi vəzifəsini icra edən, 2013-2017-ci illərdə aparıcı elmi işçi vəzifəsində çalışmış, 2018-ci ildən “Neftlərin tədqiqi və yağların alınma texnologiyası” laboratoriyasının müdiri vəzifəsinə təyin edilmişdir.
G.S.Muxtarova 2010-cu ildə «Ağır neft qalıqlarının müxtəlif qazların atmosferində suspenzləşmiş katalizator əlavələrinin iştirakı ilə termokatalitik krekinqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 2011-ci ildə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2014-cü ildə dosent elmi adını almışdır.
G.S.Muxtarova 2012-ci ildə NKPİ-də keçirilmiş “Gənc alimlərin ən yaxşı elmi-tədqiqat işləri” nominasiyası üzrə müsabiqədə
1-ci yerə layiq görülmüş və mükafatlandırılmışdır.
2017-ci ildə «Təbii alümosilikatlar və onların (Ni, Co) metallarla modifikasiyalarından alınmış katalizatorların iştirakı ilə qudronun hidrokrekinqi» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, 2019-cu ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
== Əsas elmi nailiyyətləri ==
Neftin emalını dərinləşdirmək məqsədilə ilk dəfə olaraq Bakı neftlərindən alınan ağır neft qalıqlarının – mazutun suspenzləşdirilmiş yüksəkdispersli müxtəlif katalizatorların iştirakı ilə CO2 və N2 mühitində termokatalitik, H2 mühitində hidrokrekinq prosesləri işlənib hazırlanmış və beləliklə də ağır neft xammallarından – mazutdan yüksək çıxımla açıq rəngli (benzin və dizel fraksiyaları) neft məhsulları alınmış, mazutun hidrokrekinqdən alınmış benzin fraksiyasından yüksək keyfiyyətli benzin almaq məqsədilə riforminq prosesi aparılmış, mazutun Ni, Mo tərkibli müxtəlif duzların iştirakı ilə hidrokrekinqi, polimer tullantılarını ağır neft qalıqları ilə birgə (vakuum qazoylu, mazut) emala cəlb etməklə yüksək ekoloji təmiz motor yanacaqlarının alınması üçün onların effektiv emal texnologiyası və səmərəli utilizasiya üsulu işlənib hazırlanmışdır.