Azərbaycan Gömrük Komitəsi Mərkəzi Hospitalı
Mərkəzi Gömrük Hospitalı — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış hospital.
== Haqqında ==
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospital möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirak etdiyi açılış mərasimı ilə 2008-ci ilin 25 dekabr tarixində öz fəaliyyətinə başlayıb.
Ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuş bu Hospitalda gömrük əməkdaşlarının və əhalinin müayinəsi və müalicəsinin yüksək səviyyədə təşkili üçün hər cür imkanlar yaradılmışdır. Mərkəzi Hospitalın qabaqcıl avadanlıqlarla təchiz olunması gömrük əməkdaşlarına və əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsinə imkan verir. Eyni zamanda bu, səhiyyənin müasirləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlərin parlaq bir nümunəsidir.
Bir çox yeniliklərə imza atmış Mərkəzi Gömrük Hospitalı qısa bir müddət ərzində Azərbaycanın qabaqcıl səhiyyə ocaqlarından birinə cevrilib.
10 ildən çoxdur ki, Mərkəzi Gömrük Hospitalı ümumilikdə 300 nəfərlik peşəkar kadr heyəti və 4 mindən artıq tibbi xidmət növü ilə gömrük əməkdaşlarının və əhalinin sağlamlığının keşiyindədir. Bu illər ərzində bu səhiyyə ocağında güclü ixtisaslı akademik kadr potensialı formalaşmışdır. Belə ki, hazırda Hospitalda 2 əməkdar həkim, 4 tibb üzrə elmlər doktoru, 19 tibb üzrə fəlsəfə doktoru, 2 doktorant və Türkiyədə uzmanlıq təhsili almış 15 həkim öz şərəfli peşə borcunu layiqincə yerinə yetirirək əhaliyə yüksək keyfiyyətli tibbi yardım göstərirlər.
Gömrük Komitəsinin ayrılmaz bir hissəsi olan Mərkəzi Gömrük Hospitalı, Komitənin həyata keçirdiyi islahatlara uyğun olaraq davamlı şəkildə yenidənqurma işlərini aparır.