Yoxlama
Test (ing. test sözündən) — yoxlama, sınaq, imtahan.
Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur.
Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır.
Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir:
texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması,
test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı,
məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması,
test elementlərinin düzgün formada yerləşdirilməsi,
test tapşırıqlarının fasetliyi,
cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması,
qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi.
Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir.
Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir.
Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur.