Azərbaycanın iynəyarpaqlı meşələri
Azərbaycan meşələri — Azərbaycan Respublikasında meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-dir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.
Azərbaycan meşələrinin sahəsi ümumi əraziyə nisbətdə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır. Azərbaycanın əksər meşələri (85%) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir.
Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri – mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir.