Kolanı eli
Kolanı tayfası — Azərbaycanda yaşayan tayfa. Bəzilərinə görə türk tayfası, bəzilərinə görə isə kürd və türklərdən ibarətdir. Kolanıların yaşadığı Ağdam, Ağdərə, Kəlbəcər, Şirvan, Naxçıvan və İrəvan bölgələrinə aid 19-cu əsrə aid bütün siyahıyaalmalarda Kolanı kəndlərin əhalisi istisnasız olaraq milliyətcə tatar (azərbaycanlı), danışdığı dil tatar (Azərbaycan dili), din İslam-şiə olaraq qeydiyyata alınmışdır.
== Etimologiyası ==
Tədqiqatçıların mülahizəsinə görə, Kol, Kül, Gül qədim türklərdə "böyük" mənasında işlənmiş (məsələn, Kül Təgin-Gül Tigin, Kol Erki), bu söz toplum anlamında isə "çoxluq, böyük, el" mənalarını ifadə edir. Güman edilir ki, "kul, kol" tayfa adı olaraq işlənmiş, "an" şəkilçisini isə "yaşayış yeri" mənasında izah etmək daha düzgündür. Köçdükləri yeni yerlərdə "Kol, Kul tayfasının yaşadığı yer" mənasında işlənən "Kolan, Kulan" toponiminə mənsubiyyət bildirən "lı" şəkilçisi də əlavə olunaraq bu yerə aid olan tayfanı xarakterizə etmişdir. Yəni, "Kolan, Kulan yaşayış yerindən olanlar". Mülahizələrə görə adın əsli Kolanlı olmuş, dildə "Kolannı" kimi də işlənmiş, sonradan yazıya köçürüldükdə bir "n" hərfi də düşərək Kolanı yazılmışdır. Azərbaycan ərazisində bu tayfanın adı ilə bağlı bir çox toponimlər mövcud olmuşdur.
== Tarixi ==
Orta əsrlərə aid mənbələrdə Anadoluda, Kilis ərazisində oğuzların bayat qoluna bağlı hesab edilən Kolanlu tayfasının yaşadığının əks olunması, Kolanı tayfasının oğuzların bir qolu olan qarapapaqlara aid edilməsi, Qazax-Borçalı bölgəsində yaşamış Qarapapaq tayfası barədə araşdırmada bu tayfanın qolları içərisində Kolanıların da adı qeyd olunması, Kolanlıların oğuz tayfalarının üstünlük təşkil etdiyi Qaraqoyunlu tayfa ittifaqının tərkibində olması, Türkiyənin Yozqat vilayətində yerləşən Kolanlı kəndi sakinlərinin türkmən-oğuz mənşəli hesab olunması, Anadolu ərazisində yaşamış oğuz tayfa ittifaqına daxil olmuş tayfalardan birinin Kolanşam türkmənləri adlandırılması, bu tayfanın adı ilə bağlı olduğunu güman edilən Golan yer adının Türkmənistanın şimalında, Daş Oğuz (Dış Oğuz) vilayətində yerləşməsi, XVI əsrdə Anadoluda, Sivasda oğuzlarla bağlı olduğu irəli sürülən Kayı-Kolan kənd adının olması əsasında bu fikrə gəlmək olur, lakin bəzi tədqiqatçılar bu tayfanı bulqar, peçeneq, kəngərli və digər türk tayfalarına da aid edirlər.