Kəmankeş Qara Mustafa Paşa
Kəmankeş Qara Mustafa Paşa (1592, Vlyora – 31 yanvar 1644, Konstantinopol) — IV Murad və I İbrahim dövrlərində ümumilikdə 5 il 1 ay 7 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
== Həyatı ==
Vlyorada dünyaya gəlmiş, əslən albandır. Kiçik yaşlarında İstanbula gələrək yeniçəri ocağına daxil oldu və burada Qara Həsən ağanın yanında yetişdi. Ox atmaqdakı qabiliyyəti səbəbi ilə “Kəmankeş” ləqəbi ilə anılır. Qısa zamanda yeniçəri ağalığına yüksəldi. IV Muradın əmriylə yeniçərilər arasındakı üsyançıları aradan qaldırdı. Bu vəzifədə ikən qatıldığı İrəvan səfərindəki xidmətləri səbəbilə kaptan-ı dəryalığa gətirildi. 1637-ci ilin fevralında kaptan-ı dəryalığa əlavə olaraq sədarət naibi də seçildi. Bu vəzifədə ikən bir yandan dövlət gəlirlərini artırmaq üçün maliyyə planları hazırlamış, digər yandan isə donanma üçün yeni gəmilər inşa etdirmişdir.
1638-ci ilin yazında IV Muradla birlikdə Bağdad səfərinə qatıldı.