Lion Feyxtvanger
Lion Feyxtvanger (alm. Lion Feuchtwanger; 7 iyul 1884[…], Münxen – 21 dekabr 1958[…], Los-Anceles, Kaliforniya) — yəhudi əsilli alman yazıçı.
== Həyatı ==
Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger 1884-cü il iyulun 7-də Münhen şəhərində anadan olub. Berlin və Münhen şəhərlərində filoloji təhsil alıb. Jurnalistika və teatr tənqidi ilə məşğul olub. Fəlsəfə elmləri doktoru adını alıb.
1933-cü ildə faşistlərin Almaniyada hakimiyyətə gəlməsindən sonra Fransaya mühacirət edərək orada yaşayıb. Feyxtvanger beynəlxalq mədəniyyəti müdafiə hərəkatında iştirak edib, B.Brext və B.Bredel ilə birgə 1936-1939-cu illərdə Moskvada almanca nəşr olunan "Söz" (Das Vort) jurnalının redaktoru olub, "Moskva – 1937" kitabını yazıb.
1940-cı ildə Fransa hökumətinin mürtəce siyasətini tənqid etdiyinə görə həbs düşərgəsinə salınıb, alman qoşunları Fransanı işğal edərkən çətinliklə xilas olub.
Feyxtvangerin "Hərbi əsirlər" (1918), "Sülh" (1918) şeirlərində, həmçinin "Gözləmə zalı" trilogiyasında, "Müvəffəqiyyət" (1930) "Oppenheymlər ailəsi" (1933), "Sürgün" (1939), "Lautenzak qardaşları" (1943) romanlarında faşizm ifşa olunur.