Konstantin Lizqar
Konstantin Nikolayeviç Lizqar (1882 – 15 may 1920) — Azərbaycan Xalq Cümhuriyyətinin ərzaq naziri, Slavyan-Rus Cəmiyyətinin sədri.
Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə anadan olmuşdur. 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olmuşdur. 1914-cü ildə leytenant rütbəsi ilə orduya sıralarına cəlb olunub. 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət etmişdir.
Aprel işğalından sonra Bakının Qorçakovski 14 ünvanında yaşayan, sabiq ərzaq naziri və Slavyan-Rus Cəmiyyətinin sədri Konstantin Lizqar ilk həbs edilənlərdən oldu.
1920-ci ilin mayın 2-də XI Qırmızı Ordu İnqilabi Şurası yanındakı Xüsusi Şöbə tərəfindən 292 saylı həbs vərəqi əsasında azadlıqdan məhrum edilib. Həbs vərəqində 38 yaşında olması, orta təhsilli, ixtisaslı zabit, neft sənayesi sahəsində çalışması, ailəliyi ilə bağlı qeydlər var idi.
1920-ci ilin mayın 15-də istintaqın çıxardığı qərar əsasında, yəni “1917-ci ildən əksinqilabi fəaliyyətə başlayan, Beynəlmiləlin yaxınlaşan təhlükəsinə qarşı 1918-ci ildə Slavyan-Rus Cəmiyyətini yaradan, sədr kimi onun Sovet Rusiyasına qarşı fəal mübarizəsinə rəhbərlik edən, bütöv, vahid, bölünməz Rusiyanın xilası uğrunda şüurlu mübarizədə Könüllü Ordu, İngiltərə və Amerikanın nümayəndələri ilə görüşən, əksinqilabi ideyalarını yaymaq üçün qəzet nəşr edən” Konstantin Lizqar XI Ordu Xüsusi şöbəsinin 15 may 1920-ci il tarixli qərarı ilə güllələndi.
Konstantin Lizqar bolşeviklər tərəfindən güllələnən ilk Azərbaycan Xalq Cümhuriyyəti naziri olmuşdur.