Alman lüteran kilsəsi (Gəncə)
Müqəddəs Kiril və Mefodi kilsəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi.
== Tarixi ==
Bu rus pravoslav kilsəsi Gəncəçayın sağ sahilində, keçmiş Yelizavetpol kişi gimnaziyasının nəzdində yerləşirdi.
Bu kilsə ilk olaraq 18 sentyabr 1885-ci ildə gimnaziyanın böyük zallarından birində gimnaziya direktoru İlya Staritskinin razılığı ilə açılır. Kilsənin abadlaşdırılması üçün bütün lazımlı xərclər gimnaziyanın fəxri himayədarı Ağasəid Hüseyn Ağaməhəmməd oğlu tərəfindən qarşılanır.
Zamanla gimnaziyada oxuyan pravoslav tələbə sayının artması daha böyük kilsənin inşaatına zərurət yaradır ki, nəticədə İ. Staritskinn təşəbbüsü ilə gimnaziyanın yaxınlığındaki ayrı korpusda yeni kilsənin tikintisi başlanır. 20 dekabr 1902-ci ildə təntənəli mərasimlə kilsə gürcü ekzarxı Aleksiy tərəfindən Müqəddəs qardaşlar Kiril və Mefodi adına təqdis edilib istifadəyə verilir. Klassik gimnaziyanın şəxsi vəsaiti ilə tikilmiş yeni kilsəyə, gimnaziyanın tələbələri üçün ayrılmış hissə xaricində rahat 500 nəfər yerləşirdi. Yəni kilsədən həmçinin yerli əhali də istifadə edirdi.
1920-ci ildə gimnaziyanın bağlanmasından sonra kilsənin aqibəti məlum deyil. Tarixi mənbələrdə Gəncədə Zaxariya və Yelisaveta (keçmiş "Xan məscidi"), Müqəddəs Aleksandr Nevski və Müqəddəs Nikolay adına rus pravoslav kilsələrinin olduğu qeyd edilsə də, Kiril və Mefodi qardaşlarının adına rus pravoslav kilsəsi rəsmi olaraq kilsə kimi qeyd edilmir.