PUBG Mobile
PUBG: Battlegrounds (əvvəlki adı PlayerUnknown's Battlegrounds ilə bilinir) — Cənubi Koreya videooyun şirkəti "Krafton" şirkətinin bir hissəsi olan "PUBG Studios" tərəfindən hazırlanan və nəşr olunan onlayn multipleyer döyüş oyunu. 2000-ci ilin yapon filmi "Battle Royale"-dan ilhamlanaraq yaradılmış oyunda, 100 oyunçu paraşütlə bir adaya atlayaraq müxtəlif silah və vasitələrdən istifadə edərək digər oyunçuları öldürüb həyatda qalan son oyunçu olmağa çalışır. Oyun ərazisi vaxt keçdikcə daralmağa başlayır, oyunçular xəritənin təhlükəsiz adlanan ərazisinə daxil olmağa məcbur edilirlər, həyatda qalan yeganə oyunçu və ya komanda matçın qalibi olur.
2021-ci ilin sonuna qədər fərdi kompüterlərdə və oyun konsollarında 75 milyon nüsxədən çox satılan "PUBG: Battlegrounds", PC və Xbox One üçün ən çox satılan videooyunu, eləcə də bütün zamanların beşinci ən çox satılan videooyunudur. Oyunun mobil versiyası "PUBG Mobile" 1 milyarddan çox endirmə toplamış və 8,42 milyard ABŞ dollarından çox gəlir əldə edərək dördüncü ən yüksək gəlirli mobil oyun olmuşdur. PC və konsol oyunlarından qazandığı ümumi gəliri 4,65 milyard dollara bərabər olan "PUBG: Battlegrounds", 2022-ci ilin may ayına olan ümumi gəliri 13,07 milyard dollardır ki, bu da onu bütün zamanların ən çox gəlir gətirən videooyunlarından birinə çevirir. Oyun 12 yanvar 2022-ci ildən etibarən pulsuzdur.
"PUBG: Battlegrounds" ilk dəfə 2017-ci ilin martında Steam-in erkən giriş beta proqramı vasitəsilə Windows üçün buraxıldı, tam buraxılışı isə 2017-ci ilin dekabrında edildi. Oyun həmin ay Microsoft Studios tərəfindən Xbox One üçün Xbox Game Preview proqramı vasitəsilə buraxıldı, rəsmi olaraq 2018-ci ilin sentyabrında yayımlandı. 2018-ci ildə Android və iOS üçün pulsuz oynaya bilən mobil versiyası "PUBG Mobile" PlayStation 4 üçün portlanmış versiyası ilə birlikdə buraxıldı.