Modernizm
Modernizm (it. modernismo — "müasir cərəyan"; lat. modernus — "müasir") — XIX yüzilliyin sonu — XX yüzilliyin birinci yarısında incəsənətdə, ədəbiyyatda və fəlsəfədə keçmiş tarixi ənənələrdən ayrılma ilə müşayiət edilən cərəyandır.
Modernizm XX yüzillikdə texnogen sivilizasiyasının təsiri ilə inkişaf edən yeni düşüncəni, xasiyyətləri, praktikaları çevrələyən geniş anlamlı anlayışdır. Insanların ətrafında olanlara öyrəncəli baxışlardan aralanma və onları yeni anlamda ortalığa çıxarmaqdır, hər şeyə özəl metaforik baxışdır. Onu realizmə qarşı bir üsyan kimi dəyərləndirmək olar. İncəsənətdə modernizm kubizm, sürrealizm, abstraksionizm, avanqardizm, impressionizm, modern və başqa axınları içəriləyir. Insan artıq təbiətin verdiyini yansımaqdan yayınaraq, çeşidli şeylərə öz baxışlarını ortalığa qoymuşdur.
Avropa fəlsəfəsində modernizm dəyişilmə ilə yenilənməyə yönəlmiş bir axındır. İdeoloji baxımdan modernizm, dinə ya milli adətlərə bağlanaraq yeniliyi qəbul etməkdən imtina edən toplumlara qarşı çıxış edir.