Ev nandinası
Ev nandinası (lat. Nandina domestica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin nandina cinsinə aid bitki növü. Cinsin yeganə təmsilçisidir.
Təbiətdə növün arealı Çin və Yaponiyanı əhatə edir. Şimali Amerikada mədəni şəraitdə becərilir.
Hündürlüyü 5-6 m-ə çatan, silindrik, zərif çətirli və düz dayanan, az budaqlanan yan zoğlu həmişəyaşıl ağac və ya koldur. Zoğların qabığı açıq qonur-bənövşəyi, sonradan boz-qonur, uzununa şırımlıdır. Kök sistemi uzun deyil. Tumurcuqların uzunluğu 1 sm, biz, yanlardan yapışıqlı, yaşılımtıl-qonur və ya qırmızımtıl pulcuqlu, paralel damarcıqlıdır. Yarpaqların uzunluğu 30-40 sm olub, budaqların yuxarı hissəsində yığılmışdır, ümumi görünüşü üçkünc, mürəkkəb, cüt olmayan-lələkvaridir.