Nazlı Nəcəfova
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi.
Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar.
Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir.
Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub.
Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür.
İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.