Nikpur Cabbarlı
Nikpur Mirhüseyn oğlu Cabbarlı (16 aprel 1968, Bakı) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2010). Nikpur Cabbarlı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiridir.. Nikpur Cabbarlı Azərbaycan mühacirət ədəbiyyatı üzrə tanınmış mütəxəssisdir.
Nikpur Mirhüseyn oğlu Cabbarlı 1968-ci il aprelin 16-da Bakıda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1994) və Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasını (1997) bitirmişdir. 1998-ci ildə "Azərbaycan mühacirət ədəbiyyatşünaslığında klassik irs problemi" mövzusunda namizədlik (fəlsəfə doktoru), 2017-ci ildə isə "XX əsr Azərbaycan mühacirət ədəbiyyatı (türkdilli örnəklər əsasında)" mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Filologiya elmləri doktoru (2017), dosentdir (2006). Azərbaycan mühacirət ədəbiyyatına dair 6 monoqrafiyanın, onlarla məqalənin, bir neçə tərtib işinin müəllifi Nikpur Cabbarlı bu sahədə mötəbər söz sahibi olan mütəxəssis kimi tanınır.
Nikpur Cabbarlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 28 il ərzində müxtəlif vəzifələrdə çalışmışdır. Bu dövr ərzində aspirantlıqdan elmi katib və şöbə müdiri vəzifələrinə qədər yüksəlmişdir.