Radiasiya Problemləri İnstitutu (Azərbaycan)
Radiasiya Problemləri İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxildir.
== Tarixi ==
Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin, müxtəlif ionlaşdırıcı şüaların maddələrə, ətraf mühitə, canlılara təsirinin, enerji çevrilmələrinin fiziki-kimyəvi problemlərinin, radioekologiya və radiasiya təhlükəsizliyi istiqamətlərinin elmi və elmi-texniki əsaslarının işlənilməsi məqsədi ilə SSRİ Nazirlər Soveti yanında Dövlət Elm və Texnika Komitəsinin 21 may 1969-cu il tarixli 27 saylı qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun əsası qoyulmuşdur.
Azərbaycan Respublikası suverenlik əldə etdikdən sonra Respublikamızda radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemləri daha da aktual xarakter kəsb edib. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 81 saylı, 21 may 2002-ci il tarixli qərarı ilə AMEA-nın Radiasiya Tədqiqatları Sektoru bazasında Radiasiya Problemləri İnstitutu yaradılmışdır.
AMEA sistemində Radiasiya Problemləri İnstitutu Azərbaycan Respublikası ərazisində nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, radioekologiya, energetikanın fiziki-texniki problemləri, qeyri-ənənəvi enerji çevrilmələri prosesləri, bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı istiqamətlərində fundamental elmi və texniki tədqiqat işlərini aparan, bu sahələrdə ölkədaxili və beynəlxalq informasiya mübadiləsini yerinə yetirən yeganə elmi müəssisədir.
== Elmi fəaliyyət ==
=== Elmi problemlərin tədqiqi istiqamətləri ===
Radiasiya təhlükəsizliyi, Radioekologiya — Ölkə ərazisinin ətraf mühit komponentlərinin radionuklid və kimyəvi tərkibinin tədqiqi, işğaldan azad olunmuş ərazilərə xüsusi diqqətin ayrılması, alınan nəticələrin sistemləşdirilməsi, vahid elektron bazada yerləşdirmək üçün işlənilməsi, radiasiya risklərinin idarə olunması mexanizminin hazırlanması
Radiobiologiya — Bioloji orqanizmlərə radiasiyanın təsiri, stimullaşdırıcı dozanın təyini, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və onların ətraf mühitin ekstremal təsirlərinə qarşı davamlılığının artırılması üçün radiasiya texnologiyalarının tətbiqi, sterilizasiya dozasının təyini, maddələrin radiasiya təsirindən qorunması üçün protektorların hazırlanması
Bərk cismlərin radiasiya fizikası — Yarımkeçirici, seqnetoelektrik və polimer materiallarda radiasiyanın təsiri ilə baş verən fiziki proseslərin tədqiqi, implantasiya yolu ilə daxil edilmiş elementlərin, o cümlədən nanozərrəciklərin bu proseslərin sürətinə və istiqamətinə təsirinin müəyyənləşdirilməsi, radiasiyanın təsiri ilə verilmiş xassələrə malik materialların alınması, materialların radiasiya-stimullaşdırılmış modifikasiyası, radiasiyaya davamlılığının artırılması və istismar xüsusiyyətlərinin idarə olunması
Yüksək enerjilər kimyası — Karbohidrogen və su əsalı sistemlərdə radiasiyanın təsiri ilə baş verən fiziki-kimyəvi proseslərin kinetika və mexanizminin tədqiqi, bu sistemlərdə hidrogenin, olefinlərin, polimerlərin və praktikada geniş istifadə olunan yüksəkmolekullu materialların alınması və modifikasiyası üçün optimal şərtlərin tapılması, çirkləndirici qarışıqların deqradasiyasının qanunauyğunlarının öyrənilməsi, post-radiasiya effektlərinin tədqiqi
Bərpa olunan enerji mənbələrinin istifadəsi və hydrogen enrgetikası — Günəş, külək və kiçik Su elektrik stansiyalarından alınan enerjilərin istilik və elektrik enerjisinə çevrilməsinin faydalı iş əmsalının artırılması yollarının araşdırılması, bu enerjilərin ayrı-ayrılıqda və kombinə olunmuş şəkildə istifadə olunması ilə sudan və mineral resurslardan hidogenin, sintez-qazın və maye yanacağın alınması sahəsində elmi-tədqiqat və Layihə-konstruktor işlərinin aparılması
Şüa qəbuledici və işarəverici cihaz və qurğuların hazırlanması — Silisium əsaslı fotoelektron gücləndiricilərin tədqiqi, onların şüa qəbuledicilərinin yaradılmasında tətbiqi, yüksək həssaslığa və əhatə dairəsinə malik mühafizə-işarəverici qurğuların işlənməsi, sınaqdan keçirilməsi və tətbiqi
== Beynəlxalq fəaliyyət ==
=== Radiasiya Problemləri İnstitutunun Beynəlxalq Əlaqələri ===
АМЕА Radiasiya Problemləri İnstitutunda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, yüksək enerjilər kimyası, radioekologiya, radiasiya materialşünaslığı istiqamətləri üzrə aparılan elmi-tədqiqat işlərinin dünya elminə inteqrasiyasını təmin etmək məqsədi qarşıya qoyulmuşdur. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq Radiasiya Tədqiqatları Sektoru SSRİ Elmlər Akademiyasının Neft-kimya sintezi, Kimyəvi Fizika, L.Y. Karpov adına Fizika-kimya İnstitututları, Belarusiya EA-nın Atom energetikası İnstitutu, Gürcüstan EA-nın Fizika, Qeyri-üzvü və Elektrokimya İnstitutları və Moskva Dövlət Universiteti ilə sıx elmi əməkdaşlıq yaradılmışdı. 1980-ci illərdə Atom-hidrogen energetikası istiqamətində İ.V. Kurçatov adına Atom enerjisi İnstitutu, Yanar qazıntılar İnstitutu və SSRİ-nin digər elmi mərkəzləri ilə məqsədli kompleks Proqramlar çərçivəsində elmi tədqiqat və kadr hazırlığı üzrə birgə fəaliyyətlə həyata keçirilmişdir. Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsi və 2002-ci ildə İnstitutun Atom enerjisi üzrə Beynəlxalq Agentliyə daxil olması ilə beynəlxalq əlaqələr genişlənmişdir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Amerika Birləşmiş Ştatlarının Energetika Nazirliyinin Nüvə Təhlükəsizlik Deportamenti, NATO, ABŞ Mülki Araşdırmalar Fondu CRDF ilə beynəlxalq proqramlar çərçivəsində işlər davam etdirilmişdir.