Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
== Haqqında ==
20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib.
== Tarixi ==
1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur.
— 1926-cı ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır.
— 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır.
— 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırkı Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi.
— Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.