Abdulla Qədiri
Abdulla Qədiri (10 aprel 1894, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 4 oktyabr 1938, Daşkənd) — Özbəkistan yazıçısı, dramaturqu və publisisti, repressiya qurbanı
== Həyatı ==
Abdulla Qədiri 10 aprel 1894-cü ildə Daşkənddə tacir ailəsində doğulmuşdur. Yazıçının 102 il ömür sürmüş atası Qədir kişi o, uşaq olarkən müflisləşmiş və sonra üzümçülüklə məşğul olmağa başlamışdır. Abdulla əvvəlcə mədrəsədə (köhnə müsəlman məktəbi), sonra isə yerli rus- özbək məktəbində oxumuşdur. İbtidai təhsilini başa vurduqdan sonra o, erkən yaşlarında müstəqil həyata qədəm qoymuş, Daşkənddə bir mülkədarın yanında mirzəliyə başlamışdır. Bu dövrdə o, Əlişir Nəvai, Lütfi, Muqimi, Əbdürrauf Fitrət, Əbdülhəmid Çolpan və digər cığatay (özbək) klassiklərinin əsərlərini maraqla mütaliə etmiş və milli ədəbiyyatın tarixinə yaxından bələd olmuşdur.
Türküstanda getdikcə genişlənən cədidçilik, maarifçilik hərəkatı Abdulla Qədiriyə də təsirini göstərir. O, bölgədə çap olunan qəzet və dərgiləri müntəzəm oxuyur. Cədidçilərin yolunu tutan gənc xalqını xurafatdan, gerilikdən qurtarmaq üçün qələmə əl atır. Bədii yazıları ilə xalqa təsir göstərməyə çalışır. Abdulla Qədiri Özbəkistanda nəşr olunan ilk satirik jurnalın – "Müştüm" ("Yumruq") dərgisinin banilərindən və fəal müəlliflərindən biri olmuşdur.