f. 1. Birdən əlini uzadıb cəld götürmək, dartıb almaq, qamarlamaq.
Məhərrəm iynəni əlindən buraxıb bucaqdakı ağırbaşlı çəkici qaparaq qapını açıb kənara çıxdı. H.Nəzərli.
[Şagird qızın] bu sözlərindən molla bacı elə acıdı ki, çubuğu qapıb qızı döyəcləməyə başladı. Çəmənzəminli.
// Götürmək, qaldırmaq.
…Qaçdım yerdəki daşlara tərəf və qabağıma gələn daşları yerdən qapıb, başladım Şirəliyə tərəf tullamağa. C.Məmmədquluzadə.
Bir tikanlı ağac qapıb yerdən; Gözlədim qovğanın zəmanını mən. A.Səhhət.
[İmamverdi:] Dəyənək davasıdır məgər, qapım dəyənəyi, iyirmi soldatı xurdxəşil edəm. C.Cabbarlı.
// Cəld tutmaq (atılan, yaxud uçan şeyi).
Səməd … Mirkazımın atdığı qızılı göydəcə qaparaq, göy jiletinin kiçik cibinə yerləşdirdi. S.Rəhimov.
// Yapışmaq, yapışıb tutmaq.
Mən onu deyirəm ki, bu axır zamanda bir naxoşluq əmələ gəlibdir, adına “minengit” … deyirlər, mərizlərin qapır peysərindən, peysər dönür bir oduna. N.Vəzirov.
2. Çalmaq, oğurlamaq, aparmaq, götürüb qaçmaq.
Dedi: – Yorğan üçün imiş bu təlaş; Yorğanı qapdılar, kəsildi savaş. M.Ə.Sabir.
3. Dişləmək, dişlərini batırıb yaralamaq. İt uşağı qapdı.