Qaregin Njde
Qareqin Njde- (Qareqin Ter-Arutyunyan erm. Գարեգին Նժդեհ; 1 yanvar 1886, Güznüt, Naxçıvan qəzası – 21 dekabr 1955, Vladimir mərkəzi həbsxanası[d], Vladimir vilayəti, SSRİ) — erməni dövlət xadimi.
Qareqin Njde 1 yanvar 1886-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasında anadan olmuşdur. 1902-ci ildə Peterburq universitetinin hüquq fakültəsinə daxil olur, 1904-cü ildə təhsilini yarımçıq qoyub, erməni millətçilərinə qoşulur. İrana köçərək daşnakların orada təşkil etdiyi hərbi məktəbdə təhsil alır, sonra Sofiyadakı zabit məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra Murad Sebastasinin başçılıq etdiyi erməni silahlı dəstələrindən birinə qoşulur. Eyni vaxtda Qareqin Daşnaksütuna üzv olur və Njde ləqəbini alır. 1909-cu ildə Rusiyaya (Qafqaza) silah almaq məqsədilə gəlir, Njde həbs olunur. Lakin 1912-ci ildə azad olunur və Bolqarıstana qayıdır. I Balkan müharibəsində Osmanlı imperiyasına qarşı döyüşlərdə iştirak edir, 272 nəfərlik könüllü erməni dəstəsinə başçılıq edir.