Hacı Qayib hamamı
Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam.
== Haqqında ==
Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur.
Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir.
Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir.
Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur.
2017-ci il Martın 18-də “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün tarixi hamamın ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.