Qazanılmış İmmun Çatışmazlığı Sindromu
QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu; ing. Acquired Immune Deficiency Syndrome) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir. Xəstələrdə həyatı təhdid edən opportunistik infeksiyalara və bədxassəli şişlərə səbəb olur.
QİÇS 1 dekabr 1981-ci ildə müəyyən simptomlar toplusunun QİÇS olaraq müəyyənləşdirilməsindən sonra ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzləri (CDC) tərəfindən özlüyündə bir xəstəlik olaraq qəbul edildi. QİÇS-ə gətirib çıxara bilən HİV cinsi yolla keçən xəstəliklərə aiddir. BMT-nin HIV/AIDS üzrə Birgə Proqramına görə 2019-cu ildə dünya miqyasında 37,9 milyon HİV-pozitiv insan yaşayırdı. 2019-cu ildə 1,7 milyon yeni yoluxma halı qeydə alındı və 0,77 milyon insan HİV/QİÇS səbəbindən öldü. Epidemiya başlayandan bəri 35 milyon insan HİV-dən dünyasını dəyişib. HİV-ə yoluxanların nisbəti dünya miqyasında orta hesabla 15–49 yaşlı şəxslərin 0,8%-i civarındadır, bir sıra Afrika ölkələrində isə bu nisbət 25%-ə çatır. Qoruyucu peyvənd mövcud deyil.