Qlazqo Universiteti
Qlazqo Universiteti (ing. University of Glasgow) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri.
Əsası Şotland kralı II. Ceymsin müraciətindən sonra, 1451-ci ildə Papa V. Nikolayın Qlazqoda bir universitet qurulması üçün verdiyi rəsmi razılıq ilə qoyulmuşdur. Beləliklə, Qlazqo Universiteti Şotlandiya krallığında qurulmuş ikinci, Britaniya İmperiyasının isə hüdudları daxilində fəaliyyətə başlayan dördüncü ən qədim ali təhsil müəssisəsi olmuşdur. Universitet tarixən Şotlandiya maarifçiliyinin intellektual potensialını təmin edən əsas institutlardan biri kimi ön plana çıxmışdır. Hazırda, 9 institut və 4 kollec başda olmaqla, ümumən 3 kampusda yerləşən 33 elmi vahiddə dünyanın 140 ölkəsindən bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 30.805 tələbəsi vardır. Ümumi büdcəsi 1 milyard ABŞ dollarını aşan Qlazqo Universiteti, Böyük Britaniya iqtisadiyyatına 4.4 milyard funt sterlinq həcmində töhfə verir.
Qlazqo Universiteti Times Higher Education jurnalı tərəfindən müxtəlif göstəricilər üzrə 2020-ci ilin ən mütərəqqi ali təhsil ocağı seçilmiş, 2022-ci ildə isə yaratdığı elmi təsirə görə dünyanın ilk 20 universiteti arasında göstərilmişdir. The Times qəzetinin sıralamasına görə isə Şotlandiya üzrə 2022-ci ilin universiteti seçilmişdir. Mütəmadi olaraq dünyanın ən nüfuzlu 100 universiteti arasında olan Qlazqo Universiteti, CWTS Leiden Ranking-in 2020-ci il sıralamasına görə qlobal miqyasda 53-cü yerdə, QS World University Rankings-in eyni il üçün təqdim etdiyi dünya sıralamasında isə 60-cı yerdə qərarlaşmışdır.