İlqar Qürbət oğlu Məmmədov
İlqar Qürbət oğlu Məmmədov (9 yanvar 1971, Göydərə, Şamaxı rayonu) — riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun "Fiziki, bioloji və iqtisadi proseslərdə idarəetmənin riyazi analizi" laboratoriyasının müdiri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin "Diferensial tənliklər və optimallaşdırma" kafedrasında 0,5 ştat dosent vəzifəsində müəllim, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasında Fizika-Riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının üzvü
İlqar Məmmədov 9 yanvar 1971-ci ildə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində — indiki Qobustan rayonunun Göydərə kəndində mexanizator ailəsində anadan olmuşdur.
O, 1978–1986-cı illərdə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində yerləşən Göydərə kənd səkkiz illik natamam orta məktəbində oxumuşdur. Həmin il müsabiqə yolu ilə Bakı şəhərindəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə daxil olmuş, 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vurmuşdur.
1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almış, riyaziyyatçı, riyaziyyat müəllimi ixtisası alaraq, məzun olmuş və bu ali məktəbdə ali təhsilini qırmızı diplomla yəni fərqlənmə diplomu ilə başa vurmuşdur. Elə həmin il diferensial tənliklər ixtisası üzrə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir.
1995-ci ildən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləmiş, 2008-ci ildən 2017-ci ilə qədər isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2004-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu və Bakı Dövlət Universitetinin D 01.111 Birləşdirilmiş Dissertasiya Şurasında "Bəzi sərhəd məsələlərinin korrekt həllolunması və hiperbolik tənliklərlə təsvir olunan proseslərdə optimallığın zəruri şərtləri" mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 13 may 2005-ci il tarixli (protokol № 18-k) qərarı ilə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. İlqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiiyasının 23 fevral 2010-cu il tarixli qərarı ilə diferensial tənliklər kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür.
2016-cı il 15 yanvar tarixində Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi İlqar Məmmədov 1211.01 – "Diferensial tənliklər" və 1214.01 – "Dinamik sistemlər və optimal idarəetmə" ixtisasları üzrə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "Yüksək tərtibli qeyri-hamar əmsallı hiperbolik tənliklər üçün çoxölçülü lokal və qeyri-lokal sərhəd məsələlərinin həlli və onların optimal idarə məsələlərinə tətbiqi" mövzusunda dissertasiya işini AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun B/D 01.111 Birdəfəlik Dissertasiya Şurasında müvəffəqiyyətlə müdafiə etmişdir.