Qəlyə
Bakı dialektində daha çox işlənir. Süzülmüş düyünün-plovun üzərinə əlavə edilir. Ət, şabalıd, soğan, yağ və ədviyyatlardan hazırlanır. Bu xörək haqqında N.Məmmədli yazır ki, qoyun ətinin döş hissəsini sal-sal doğrayıb tökürük qazana. Ət bişirənə qədər su əlavə edir, kəfini yığandan sonra soğanı doğrayırıq. Başqa əlavə olunacaq ərzaqları təmizləyib hazırlayırıq. Əvvəlcə nisbətən gec bişən ərzaqları qazana tökürük. Belə ki, gavalıdan başlayırıq. Qara gavalıdan sonra şabalıdı, sonra heyvanı fal-fal doğrayıb əlavə edirik. Meyvələrin içində təkcə armudu soyub dördkünc doğrayırıq. Sonra doğranmış almanı və ardıcıl olaraq qaysını tökürük. Ən axırda isə kişmiş əlavə edilir. Xörək hazır olana yaxın isə ədviyyatı tökürük. Ədviyyat çox qaynadıqda keyfiyyətini itirdiyi üçün gec tökürük. 14 qələm nemətlə başa gələn xörək hazır olur. (12, 190-191)
“Qəlyə” xörək adını tarixi-etimoloji istiqamətlərdə araşdıran S. Məmmədova göstərir ki, bu söz arxaik xörək adlarındandır. Bu sözlə ilk dəfə olaraq VIII yüzillikdə naməlum şəxs tərəfindən (əslində şəxsiyyəti və yaradıcılığı Azərbaycan ədəbiyyatında müəyyənləşdirilmiş M. H) qələmə alınmış “Dastani- Əhməd Hərami” əsərində qarşılaşırıq:
Hərşə, qəlyəvü damə tuturqam,
Quş ətlərilə qoyun cümlə büryan.
Q.Bağırov onun “Balqabaqdan hazırlanan yemək, xörək” adı mənasında işləndiyini göstərir və Y.V. Çəmənzəminlidən aşağıdakı cümləni nümunə verir: “ Qapılar açıldı, behişt nemətləri içəri daşındı. Ceyran kababı, qırqovul çığırtması, qəlyə, bozbaş, işkənəkabab, qaysağa, tərək… “ Azərbaycan dilinin Lənkəran və Astara şivələrində bu söz “qəlyə” formasında geniş şəkildə işlənir. Araşdırma nəticəsində bu adın da əmələ gəlməsi haqqında dilçilik ədəbiyyatında heç bir məlumata rast gəlmədik. Belə güman etmək olar ki, qəylə//qəlyə sözü kə//qə təkhecalı feilindən törəmişdir. Bu kök tarixən “kəsmək”, “doğramaq”, “qıymalamaq” mənalarında qədim türk dillərində işlənmişdir (24, 10-11)