Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti (azərb-kiril. Азәрбајҹан ССР Али Советинин Рәјасәт Һеј’әти) — 1937–1990-cı illərdə Azərbaycan SSR-də dövlət hakimiyyətinin ali orqanı. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin işini təşkil edən orqana çevrilmişdir.
== Tarixi ==
14 mart 1937-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi ilə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi fəaliyyətini dayandırmış və onun əsasında Azərbaycan SSR Ali Soveti yaradılmışdır. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1938-ci ildə fəaliyyətə başlamış və ilk illərdə Azərbaycan SSR Baş Sovetinin Prezidiumu adlanmışdır.
Rəyasət Heyətinin tərkibinə Ali Sovetin deputatları arasından seçilmiş sədr, 2 müavin, katib və 15 üzv daxil idi. Həmin tərkib Azərbaycan SSR Ali Sovetinin hər çağırışının ilk iclasında seçilirdi.
== Səlahiyyətləri ==
=== 1990-cı ilədək ===
1990-cı ilədək Rəyasət Heyətinin səlahiyyətləri geniş olmuşdur. Onlardan bir qismi hazırda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri ilə üst-üstə düşür. Azərbaycan SSR Konstitusiyasına (1978) əsasən Rəyasət Heyətinin səlahiyyətlərinə aşağıdakılar daxil olmuşdur:
Azərbaycan SSR Ali Sovetinin sessiyalarının çağırılması, daimi komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi;
Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə, habelə rayon (şəhər) xalq məhkəmələrinə seçkilərin təyin edilməsi;
Azərbaycan SSR Konstitusiyasına əməl olunmasına nəzarət edilməsi, eləcə də Naxçıvan MSSR Konstitusiyasının və qanunlarının Azərbaycan SSR Konstitusiyasına və qanunlarına uyğun olmasını təmin edilməsi;
Yerli xalq deputatları sovetlərinin fəaliyyətinə rəhbərlik edilməsi;
İnzibati ərazi quruluşu məsələlərinin həlli qaydasının müəyyənləşdirilməsi, inzibati-ərazi vahidlərinin tabeliyinin müəyyən edilməsi, yaşayış məntəqələri adlarının dəyişdirilməsi;
Respublikanın qüvvədə olan qanunlarını şərh edilməsi;
Ümumxalq səsverməsinin (referendum) keçirilməsi;
Azərbaycan SSR Nazirlər Sovetinin, Naxçıvan MSSR Nazirlər Sovetinin, rayon və şəhər xalq (zəhmətkeş) deputatları sovetlərinin qərar və sərəncamlarının qanunamüvafiq olmadıqda ləğv edilməsi;
Azərbaycan SSR fəxri adlarının təsis edilməsi və verilməsi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmə, habelə həmin mükafatlardan məhrum edilmə;
Azərbaycan SSR vətəndaşlığına qəbul edilmə və sığınacaq vermə məsələlərinin həll edilməsi;
Amnistiya haqqında aktların qəbul edilməsi, məhkəmə orqanları tərəfindən məhkum edilmiş vətəndaşların bağışlanma hüququnun həyata keçirilməsi;
Azərbaycan SSR-in xarici dövlətlərdə və beynəlxalq təşkilatlar nəzdində olan diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması;
Azərbaycan SSR Dövlət himninin təsdiq edilməsi;
Müxtəlif məsələlər üzrə fərmanların verilməsi; Azərbaycan SSR Konstitusiyasının və qanunlarının müəyyən etdiyi başqa səlahiyyəti həyata keçirilməsi.